Vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı videoqəbul keçirilib

Vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı videoqəbul keçirilib

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin insanlara layiqli xidmət göstərilməsi, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, COVID-19 qlobal pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi şəraitində kütləvi tədbirlərlə yanaşı, bilavasitə qəbullar təxirə salınıb. Bununla əlaqədar nazirlik tərəfindən vətəndaşların müraciətlərinə elektron qaydada baxılması təmin edilir. Eyni zamanda, dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq nazirlikdə vətəndaşların videoqəbulunun qaydası müəyyən olunub və bu işin təşkilində müasir İKT-nin imkanlarından istifadə edilir.

Vətəndaşların videoformatda qəbulu genişləndirilərək nazirliyin Kadrlar idarəsinin və Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəhbərliyi tərəfindən müxtəlif bölgələrdə yaşayan vətəndaşların videoqəbulları keçirilib.

Regional ədliyyə idarələri vasitəsilə müxtəlif bölgələrdən qəbula yazılmış vətəndaşların videokonfrans formatında ədliyyə orqanlarında könüllü fəaliyyətə cəlb edilməsi, işə qəbul, habelə məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə institutunun tətbiqi və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib, qanunvericiliyin tələbləri ətraflı izah olunub, digər müraciətlər isə zəruri tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Mənbə: azertag.az