Azərbaycanda ancaq 3 sinfin şagirdləri məktəbə gedəcək? - Ən çox müzakirə edilən təklif

Azərbaycanda ancaq 3 sinfin şagirdləri məktəbə gedəcək? - Ən çox müzakirə edilən təklif

Yeni dərs ilinin başlanmasına təxminən 1 ay vaxt qalıb. Məktəblərin ənənəvi qaydada açılması isə hələ sual altındadır. Təhsil Nazirliyi hazırda müxtəlif təkliflərin müzakirə edildiyini bildirir.

Cebhe.info-ya daxil olan məlumata görə, yeni tədris ilində təhsil müəssisələrinin ənənəvi qaydada fəaliyyət göstərməyəcəyi ilə bağlı təklifin dəstəkçiləri çoxluq təşkil edir.

Hazırda ən çox müzakirə olunan təklifə görə, I, V və IX siniflər 2 saatlıq, növbəlilik prinsipi əsasında dərsə gedəcəklər. Qalan siniflərdə isə tədris evdən, yəni onlayn qaydada həyata keçiriləcək.

Mənbə bildirir ki, artıq bununla bağlı respublika üzrə bütün təhsil müəssisələrinə göndərilmək üçün müvafiq təlimatlar hazırlanır.

Qeyd edək ki, Təhsil Nazirliyi məktəblərin hansı qaydada açılıb-açılmayacağı ilə bağlı qərarı avqustun 15-dən sonra verəcək. Nazirliyin məlumatına görə, ölkədəki sanitar-epidemioloji şəraitdən asılı olmayaraq, 2020-2021-ci tədris ilində bütün təhsilalanların təhsil hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülür. Bunun üçün ənənəvi təhsil forması ilə yanaşı müxtəlif təhsil pillələri üçün bir sıra modellər artıq formalaşdırılıb. Bu istiqamətdə mövcud resurslardan istifadə ilə yanaşı beynəlxalq təşkilatlarla da əməkdaşlıq həyata keçirilir. Onu da bildirək ki, artıq bir çox ölkələrdə pandemiya səbəbindən bağlanan məktəblərin fəaliyyəti, ümumilikdə isə təhsil hissəli də olsa, bərpa edilib. Digər ölkələr isə təhsili bərpa etmə üçün artıq fəaliyyət planı hazırlayırlar. Bu işdə həmin ölkələrin Səhiyyə nazirlikləri də yaxından iştirak edir.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info