Braziliyada yeni koronavirusla mübarizə üçün at plazmasından hazırlanan zərdab tədqiq edilir

Braziliyada yeni koronavirusla mübarizə üçün at plazmasından hazırlanan zərdab tədqiq edilir

Madrid, 14 avqust, AZƏRTAC

Braziliyalı mütəxəssislər atın plazmasının tədqiqi üçün patent alıblar. Bu plazma COVID-19-a qarşı mübarizə üçün həmin xəstəliyə yoluxmuş insanların orqanizmində yaranan anticismlərdən 50 dəfə güclü təsirə malik olan anticismləri istehsal edir.

AZƏRTAC xəbər verir ki, Rio-de-Janeyroda Vital Brazil (ictimai səhiyyə üçün immunobioloji preparatlar) İnstitutunun məlumatına görə, 2020-ci ilin may ayında 5 ata koronavirus S rekombinant zülalı peyvənd edilib. 70 gün sonra həmin beş atdan dördünün plazması tədqiq edilib və məlum olub ki, bu plazmanın tərkibindəki neytrallaşdırıcı anticismlər yeni virusa qarşı həmin xəstəliyə yoluxmuş insanların orqanizmində yaranan anticismlərlə müqaqyisədə 20-50 dəfə güclü təsirə malikdir.

Bu nəticələr alındıqdan sonra braziliyalı mütəxəssislər SARS-CoV-2 virusuna qarşı immunalşdırılmış atlardan alınmış zərdab yaradıblar. Araşdırmanın növbəti mərhələlərində bu zərdab insanlar üzərində sınaqdan keçirilməlidir.

Vital Brazil İnstitutunun prezidenti Adilson Stoletin sözlərinə görə, at plazması ilə bağlı eksperiment böyük miqyasda müalicə aparmağa imkan verəcək. Plazmanın götürülməsi prosesində heyvanlar zərər çəkmir və beləliklə, münasib qiymətə böyük miqdarda dərman alınacaq.

Alimlər vurğulayıblar ki, SARS-CoV-2 virusuna qarşı bəyənilmiş vaksin hələlik yoxdur və hətta sonralar da, bütün dünyada vaksinləşdirməyə yüksək tələbin təmin edilməsi ilə bağlı çətinliklər üzündən, zərdab terapiyası yolu ilə passiv immunlaşdırmadan istifadə edilməsi alternativ varinat hesab olunmalıdır.

Dünyada koronavirus pandemiyasından ən çox əziyyət çəkmiş ölkələrdən biri olan Braziliyada 3.180.758 COVID-19 koronavirusuna yoluxma və 104.528 ölüm halı qeydə alınıb.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

Mənbə: azertag.az