Heydər məscidinin imamından çağırış: “Hər kəs ayin və ibadətlərini...”

Heydər məscidinin imamından çağırış: “Hər kəs ayin və ibadətlərini...”

“Məscidlərin bağlı qalmasını heç birimiz istəmirik. Bununla belə unutmamalıyıq ki, mövcud epidemioloji vəziyyətdə hər bir müsəlmanın can təhlükəsizliyini qorumaq məcburiyyəti var. “Qurani-Kərim”də də buyrulur ki, özünüzü bilə-bilə təhlükəyə atmayın”.

Bu sözləri Heydər məscidinin imamı, ilahiyyatçı Hacı Rüfət Qarayev məscidlərin bağlı qalmasına münasibət bildirərkən Publika.az-a açıqlamasında deyib. Din xadimi bildirib ki, insanlar bu çətin şəraitdə dözümlülük göstərməlidir:

“İslamın vacib əmrləri var. Məhərrəm ayının keçirilməsi İslamın vacib əmrlərinə daxil deyil, müstəhəb əməl hesab olunur. Lakin pandemiya şəraitində bu ayinin məscidlərdə qeyd olunması doğru olmazdı. Bildiyimiz kimi, bu il Həcc ziyarəti rəsmi şəkildə ləğv olundu. Odur ki, hər kəsi Məhərrəm ayının ayin və ibadətlərini evində keçirməsinə səsləyirik. Ümid və arzu edirik ki, koronavirus pandemiyası tezliklə aradan qalxar və məscidlərimiz açılar”.

Daha sonra ilahiyyatçı yas mərasimlərinin kütləvi şəkildə keçirilməsini dəstəkləmədiyini qeyd edib:

“İslamda vacib olan dəfn mərasimidir. Hər kəsə vəfat etmiş yaxınını ailəsi ilə birlikdə dəfn etməsinə icazə verilir. Bundan sonra 3 gün müstəhəbdir ki, insanlar bir araya gəlsin və dünyasını dəyişmiş şəxsin dərdinə şərik olduğunu bildirsinlər. Lakin pandemiya dövründə sözsüz ki, yas mərasimlərinin kütləvi şəkildə keçirilməsini dəstəkləmirəm”.

Mənbə: publika.az