Avropa İttifaqı “qara siyahı” hazırlayır - Belarusa sanksiyalar tətbiq olunacaq

Avropa İttifaqı “qara siyahı” hazırlayır - Belarusa sanksiyalar tətbiq olunacaq

Avropa İttifaqı avqustun 14-də mübahisəli prezident seçkisi və onun ardınca başlanan etirazları əzdiyinə görə Belarus üzərinə yeni sanksiyaların qoyulması istiqamətində ilk addımını atıb.

"Reuters" yazır ki, Avropa liderləri ittifaqın xarici işlər komissarına məsuliyyət daşıyan şəxslərin “qara siyahı”sının tərtibini tapşırıblar. Belarusa 26 ildir ki, prezidentlik edən Aleaksandr Lukaşenko hazırda hakimiyyətinin ən böyük çətinliyini yaşayır.

On minlərlə etirazçı 6-cı gündür ki, Belarus şəhərlərinin küçələrinə çıxaraq seçki nəticələrinə etiraz edir və səslərin yenidən sayılmasına çağırır.

Belarus Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Lukaşenko səslərin 80, onun müxalifətdən olan rəqibi Svetlana Tixanovskaya isə 10 faiz səsini alıb.

Avropa İttifaqı xarici işlər nazirlərinin avqustun 14-də keçirilən təcili iclasında İsveçin xarici işlər naziri Ann Linde deyib ki, ittifaq Belarusda zorakılıqlara, həbslərə və seçki fırıldağına görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar qoyulması prosesinə başlayıb.

Xatırladaq ki, Aİ Belarus üzərinə ilk dəfə sanksiyaları 2004-cü ildə tətbiq etmişdi. Bu sanksiyalar 2011-ci ildə insan haqları pozuntuları və seçki saxtakarlığına görə daha da sərtləşdirilmişdi.

Bu sanksiyalardan bir çoxu 2016-cı ildə Lukaşenko siyasi məhbusları azad etdikdən sonra qaldırılmışdı. Lakin silah embarqosu, habelə iki müxalifət fəalının, bir jurnalist və bir biznesmeninin yoxa çıxması ilə bağlı qoyulmuş sanksiyalar qüvvədə qalır. (azadliq.org)

Mənbə: azpolitika.info