İspaniya hakimiyyəti COVID-19 infeksiyasının yayılması səbəbindən küçədə siqaret çəkməyi qadağan edib

İspaniya hakimiyyəti COVID-19 infeksiyasının yayılması səbəbindən küçədə siqaret çəkməyi qadağan edib

Qalisiya regionunun hakimiyyət orqanları sosial distansiya tələblərinə mane olduğu üçün turistlərə və yerli sakinlərə ictimai yerlərdə, o cümlədən küçədə siqaret çəkməyi qadağan edib.

AZƏRTAC The Sun tabloidinə istinadla xəbər verir ki, məhdudiyyətlər tütün tüstüsünün koronavirusa yoluxma riskini artırdığı, həmçinin insanlar siqaret çəkən zaman tibbi maskanı çıxardığı üçün tətbiq olunub.

“Biz bunun siqaret çəkən insanlar üçün populyar tədbir olmadığını anlayırıq. Lakin xəstəliyin payız və qış aylarında özünü necə aparacağını bilmirik və insanları qoruyacaq istənilən məntiqli normanı qəbul etməliyik”, - deyə yerli xəstəxananın həkimi Alberto Fernandes Vilyar bildirib.

Bu qayda İspaniyanın digər regionlarında, əsasən də Əndəlüs, Kastiliya-La-Mança və Leon əyalətlərində də tətbiq oluna bilər.

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronovirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, dünyada koronavirusa 21 milyon 384 min 51 yoluxma və 764 min 51 ölüm faktı qeydə alınıb, 14 milyon 166 min 611 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

İspaniyada yeni koronavirusa yoluxanların sayı 358 min 843 nəfərə çatıb, 28 min 617 nəfər isə xəstəlik səbəbindən dünyasını dəyişib.

 

Mənbə: azertag.az