Afrikada COVID-19-a yoluxanların sayı sürətlə artır

Afrikada COVID-19-a yoluxanların sayı sürətlə artır

Afrikanın 55 ölkəsində COVID-19-a yoluxanların sayı 1 milyon 107 minə çatıb, 25 mindən çox insan isə həyatını itirib. AZƏRTAC xəbər verir ki, bu məlumat Ümumdünya Səhiyyə Təşkilatının Afrika üzrə regional mərkəzi tərəfindən yayılıb.

Qeyd olunub ki, qitədə pandemiyanın ən çox yayıldığı Cənubi Afrika Respublikasında yoluxma halları 600 minə çatır. Son 24 saat ərzində bu ölkədə 6 mindən çox insan COVID-19-a yoluxub, 286 pasiyent isə vəfat edib. Pandemiyanın ən çox təsir etdiyi digər Afrika ölkəsi – Misirdə 96 mindən çox yoluxma, 5 minə yaxın ölüm faktı qeydə alınıb. Efiopiyada son sutka ərzində 1200-dən çox yoluxma qeydə alınıb. Bu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 27 mindən çoxdur, 500-ə yaxın insan isə vəfat edib. Qana, Konqo Demokratik Respublikası, Nigeriyada da yoluxma halları artıb.

Pandemiyanın tüğyan etdiyi Keniyada isə 3 milyon insan aclıq təhlükəsi ilə üzləşib. BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Departamenti bu ölkəyə təcili yardım göstərilməsinə başlayıb. Bundan başqa, Somalidə də 5 milyon insan ərzaq qıtlığından əziyyət çəkir.

Mənbə: azertag.az