Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!

Eşq olsun qüdrətli Azərbaycan Ordusuna!

Salam, şanlı əsgərim! Mənim 80 yaşım var. Uzun illər universitetlərdə minlərlə tələbənin müəllimi olmuşam. Həmişə Vətənini, millətini, xalqını sevən gənclərimizlə fəxr etmişəm. Bu gün Vətənin ağır günündə cəbhədə olmasam da, sizin qələbə ruhu ilə döyünən, Qarabağ sevgisi ilə çırpınan ürəyinizi, ölümün üstünə gedən cəsarətinizi gördüm və bir daha sizlərlə qürur duydum. Aprel və Tovuz istiqamətində gedən döyüşlərdən sonra sizin cəsarətiniz, şücaətiniz, döyüş ruhunuz yenidən xalqımızı ayağa qaldırdı. Tovuz istiqamətində düşmənə sarsıdıcı zərbələr vurdunuz. Dəqiq atəş zərbələri ilə erməni qəsbkarlarının həm canlı qüvvəsini, həm zirehli texnikalarını, həm də dayaq məntəqələrini məhv etdiniz. Xalqımızın ürəkdən alqışladığı Tovuz döyüşlərində kimin güclü və qüdrətli olduğu bir daha açıq-aydın görsəndi. Azərbaycan əsgəri cəsarəti və hünəri ilə tarix yazdı, torpağını erməni işğalçılarından qorudu. Düşmən məhvə məhkum olduğunu bir daha gördü. Azərbaycan əsgərinin qarşısında bir daha aciz qaldı. Tovuz istiqamətindəki döyüşlər onu da göstərdi ki, qüdrətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından azad etməyə qadir və hazırdır. Eşq olsun qəhrəman Azərbaycan əsgərinə! Eşq olsun qüdrətli Azərbaycan Ordusuna! On minlərlə gənc "Qarabağ!" çağırışı ilə Ali Baş Komandanın ətrafında birləşərək birliyimizi bütün dünyaya nümayiş etdirdi. Bu möhtəşəmlik, bu birlik Azərbaycanın dünyaya "Qarabağ!" mesajı idi.

Şanlı əsgərim!

Tarix dünyanın, millətin, insanlığın dünənidir. Sizin mənsub olduğunuz xalqın tarixi qəhrəmanlıqla yazılıb. Ermənilərin tarixi isə yalnız və yalnız xəyanət və yalandan ibarətdir. Pandemiyanın ölkələri cənginə aldığı, insanlığı ölümlə hədələdiyi bir vaxtda dünya bir daha erməni xəyanətinin şahidi oldu. Amma qüdrətli ordumuzun cəsur zabit və əsgərləri namərd düşmənə layiqli cavabını verdi. Onu ağır itkilərə məruz qoydu. Qəhrəmanlıq tariximizə yeni səhifələr yazdı.

Vətənimin əsgərləri! Sizin düşməndən fərqiniz odur ki, mərdsiniz, cəsursunuz, vətənpərvərsiniz. Çünki sizin təmiz qanınızda Sakit okeandan Atlantik okeanına qədər, Şimal Buzlu okeanından Hindistana qədər ucsuz-bucaqsız ərazilərdə hökmranlıq etmiş qədim bir xalqın azad ruhu yaşayır. Tanrı bərəkətli torpaqlarla, zəngin yeraltı, yerüstü sərvətlərlə sizi mükafatlandırıb. Bu gün siz babalarınızdan miras qalan torpaqlar uğrunda döyüşürsünüz.

"Torpaq uğrunda ölən varsa, Vətəndir!" - deyib canını fəda edən Şəhidlərimiz! Siz elə bir yüksək məqamdasınız ki, haqqınızda söz demək qüdrətində deyiləm. Bu uca məqamınız qarşısında ehtiramla baş əyirəm, mənim şəhid balalarım! Əminəm ki, qüdrətli ordumuz qanınızı yerdə qoymayacaq.

Azərbaycan əsgəri! Haqq yolunun sonunda ümid var, işıq var, qələbə var. Bütöv Azərbaycan naminə qələbə sizinlə olsun.

Allah sizi qorusun!

Hörmətlə:
Hüseyn Xəlilov, coğrafiya üzrə elmlər doktoru

Ordu.az

 

Mənbə: ordu.az