Vəkil: "Ali Məhkəmənin verdiyi qərar məhkəmə-hüquq islahatlarının ruhuna uyğundur"

Vəkil: "Ali Məhkəmənin verdiyi qərar məhkəmə-hüquq islahatlarının ruhuna uyğundur"

Ali Məhkəmədə narkotik vasitələrin qanunsuz dövriyyəsi və qanunsuz silah saxlamaqda təqsirləndirilən Natiq Məhəmmədsoyun barəsində olan hökmdən verilən kassasiya protestinə baxılıb.

Bu barədə e-huquq.az-a N.Məmmədsoyun vəkili Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, prokurorun protesti təmin edilməyib, apellyasiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

"Hakim Əziz Seyidov Natiq Məhəmmədsoy barəsində Xəzər Rayon Məhkəməsinin çıxardığı və apellyasiya məhkəməsinin qüvvədə saxladığı qərarın qanuni və obyektiv olmasını təsdiqlədi. Natiq Məhəmmədsoyun barəsində bəraət hökmünü ötən ilin dekabrında Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynli çıxarmışdı. Bu hökmdən ittiham tərəfi narazı qalmışdı. Bakı Apelyasiya Məhkəməsinə verilən kasasiya şikayəti də hakim İbrahim İbrahimli tərəfindən diqqətlə araşdırıldı. Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynlinin çıxardığı bəraət hökmünün obyektiv və qanuni olduğu bir daha təsdiqləndi. Lakin ittiham tərəfi bu qərarla da razılaşmadı və kasasiya instansiyasında da eyni nəticə oldu", - deyə vəkil bildirib.

C.Cavadov qeyd edib ki, Ali Məhkəmənin verdiyi qərar Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının ruhuna uyğundur: “Azərbaycanın məhkəmə sisteminin ən ciddi problemləri bəraət hökmlərinin azlığıdır. Uzun illərdir ki, yerli məhkəmələrin çıxardığı bəraət hökmlərinin sayı 1 faizi ötmür. Ölkədə elə məhkəmələr var ki, orada, ümumiyyətlə, bəraət hökmü çıxarılmır. Aşağı məhkəmə instansiyalarının ədalətli hökm və qərarlarının qüvvədə saxlanılması ümumilikdə məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi, məhkəmələrə inamın artırılması üçün olduqca vacib addımlardandır. Xüsusilə bəraət hökmləri ilə bağlı belə qərarlar Azərbaycan vətəndaşlarının məhkəmələrə inamını gücləndiririr”.

Qeyd edək ki, Natiq Məhəmmədsoy 2020-ci il martın 5-də saxlanıb. Ona qarşı CM-in 234.2 (satış məqsədilə narkotik əldə etmə, saxlama) və 228.1 (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.

Mənbə: www.e-huquq.az