Saatlıda torpaq qalmaqalı

Saatlıda torpaq qalmaqalı

Saatlı rayon Naharlı kənd sakini Həsənov Vaqif Prezident İlham Əliyevə müraciət edib. Müraciətin bir surətini də Yenisabah.az saytına göndərən Vaqif Həsənov bildirir ki, mərhum Prezident Heydər Əliyevin səsərncamı ilə ona və ailə üzvlərinə verilən pay torpaqları zəbt edilib. Şikayətçinin sözlərinə görə, artıq 2 ildir ki, o pay torpaqlarından yararlana bilmir.

“Torpaqlarımı zəbt edən həmkəndlim Ağayev Ağaseyid Mirşəmi oğlu tərəfindən zəbt edilib. Bu məsələnin həlli ilə bağlı Saatlı Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Nazim İsmayılov tərəfindən aidiyyəti şəxslərə göstəriş verilsə də, Ağaseyid Ağayevlə və qohumluq əlaqələri olan həmin məmurlar qarşı tərəfin mövqeyini müdafiə etdiyindən məsələ həllini tapmayıb”, - deyə Vaqif Həsənov müarciətində qeyd edib.

Şikayətçinin sözlərinə görə, problemlə əlaqədar yeni icra başçısı Elmir Bağırovun da qəbulunda olub: “Həmin vaxt Prezident Administrasiyasının Saatlı rayon üzrə əlaqələndiricisi Dəyanət müəllimin göstərişi əsasında aidiyyatı məsul şəxslərdən ibarət komissiya təşkil edilərək sözügedən əraziyə baxış keçirilməsi barədə tapşırıq verildi. 17 sentyabr 2020-ci il tarixində komissiya üzvləri Saatlı Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Rasim Cəfərov, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş üzrə şöbənin müdiri Elnur Cəbrayılov, hüquq şöbəsinin müdiri Nurəddin Abdıyev, Saatlı rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elxan Zeynalov, Saatlı polis şöbəsinin əməkdaşı Nazim Ağayev, Naharlı-Məzrəli kəndləri üzrə icra nümayəndəsi Müfəzzil Mustafayev və kənd bəlidiyyəsi Vasif Miriyev sözügedən torpaq sahəsinə baxış keçirməyə gəliblər.

Qarşı tərəfdən Ağaseyid Ağayev, oğlu, qardaşları, əmisioğlu Mirtaleh Ağayev iştirak edib. Məsələyə aidiyyatı olmadığı halda, Mirtaleh Ağayev Komissiya üzvülərini danışmağa imkan verməyərək məni, oğlumu və bacımı ölümlə hədələyib bizə təzyiqlər göstərib”.

Vaqis Həsənovun sözlərinə görə, qarşı tərəf torpaq sahəsini pulla aldığını iddia edir: “Ağaseyid Ağayev iddia edir ki, guya pay torpağını məndən 10 000 AZN müqabilində alıb. Halbuki, mən və ailə üzvlərimiz torpaqlarımızı satmamışıq. Ağaseyid Ağayev başqa sakinlərin də torpaqlarını mənimsəyib. Hamısını da pulla aldığını iddia edir. Təxmini hesablama aparsaq, həmin torpaq sahələrini almaq üçün milyonlarla manat lazımdır. Sual olunur ki, heç bir yerdə işləməyən bu şəxsdə milyonlarla manat haradandır”, - deyə şikayətçi bildirib.

Vaqif Həsənovun sözlərinə görə, şikayətçi olduğu şəxsin əmisi oğlu çəkinmədən onları hədələməkdə davam edin: “Təsəvvür edin, deyir ki, məhkəməyə müraciət etsəniz pul verib öz xeyrimizə qərar çıxartdıracağıq. Prezidentə şikayət edəcəyimi bildirdikdə isə elə dedi: "Əgər yaşamaq istəyirsinizsə, gedin evinizdə oturun və bir daha bu torpağın adını çəkməyin. Bu rayonun ağası da, qoçusu da mənəm. Qaldı ki, Prezidentə məlumat verəcəyinizə, hara istəyirsiniz məlumat verin. Mən bu ölkənin qanunların tanımıram. Bizim ailə üzvləri, mən başda olmaqla İran İslam Respublikasının qanunların tanıyıram və bu rayonda da o qanunlarla davam edirəm. Mən də sizi susdurmaq üçün özüm bilirəm nə edəcəyəm".

Şikayətçi sonda ölkə başçısından bu məsələni nəzarətə götürməyi xahiş edir.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

Mənbə: yenisabah.az