Nepalda torpaq sürüşməsi 9 nəfərin ölümünə səbəb olub

Nepalda torpaq sürüşməsi 9 nəfərin ölümünə səbəb olub

Pekin, 24 sentyabr, AZƏRTAC

Nepalın qərbindəki Tamadi bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində 9 nəfər ölüb.

AZƏRTAC Nepal KİV-lərinə istinadla xəbər verir ki, gecikmiş musson yağışların əmələ gətirdiyi sürüşmə səhər saatlarında Syanqca rayonu ərazisində baş verib. Ölənlərin hamısı bir ailənin üzvləridir. Onların yaşadığı ev sürüşmə nəticəsində uçub və ailə dağıntılar altında qalıb. Xilasedicilər yalnız 17 yaşındakı qızı xilas edə biliblər, qalanlarının meyitləri tapılıb.

Hadisədən sonra ətrafdakı 5 evin sakinləri təxliyə edilib.

Qeyd edək ki, son iki gündə Nepalda, xüsusən də ölkənin qərb hissəsində şiddətli yağışlar yağır. Qərb bölgəsində belə hava şəraitinin sentyabrın 26-dək davam edəcəyi proqnozlaşdırılıb, daha sonra ölkənin şərq hissəsində də şiddətli yağışların yağacağı ehtimal olunur.

Mənbə: azertag.az