Qəzəbli amerikalılar yenidən küçələrə çıxıb

ABŞ-ın müxtəlif şəhərlərində Kentakki polis zabitlərinə Breonna Teylorun ölümünə görə ittiham irəli sürməmək qərarına qəzəblənmiş etirazçılar küçələrə axışıblar. Çərşənbə günü gecə Breonna Teylorun yaşadığı Luisvill şəhərində keçirilən nümayişlər zamanı zorakılıq müşahidə olunub. Belə ki, orada atışma olub və nəticədə iki polis məmuru yaralanıb.

Fəallar, məşhurlar və adi amerikalılar ağ dərili polis zabitlərinin mart ayında narkotik istintaqı zamanı təcili tibbi yardım işçisi Teylorun evinə daxil olaraq, onu bir neçə dəfə güllə ilə vurmasından bəri həmin polis zabitlərinin ittiham edilməsini tələb edir. Ştatın ilk qaradərili baş prokuroru respublikaçı Daniel Kameron bildirib ki, polis zabitlərinin xəbərdarlıq vermədən içəriyə daxil olmalarına icazə verilsə də, aparılan istintaq onların Teylorun evinə daxil olmadan öncə özlərini təqdim etdiklərini ortaya çıxarıb.

Münsiflər məhkəməsi çərşənbə axşamı Teylorun qonşuluğunda və içində insanlar olan evə atəş açdığı üçün işdən kənarlaşdırılan polis zabitİ Bret Hankisona qarşı məsuliyyətsiz şəkildə təhlükə yaratmaqla əlaqədar olaraq üç ittiham irəli sürüb.

Teylorun adını səsləndirən yüzlərlə nümayişçi Nyu-York, Vaşinqton, Filadelfiya və Las Veqas kimi böyük şəhərlərdə yürüş ediblər. Çikaqonun mərkəzindəki Millennium Parkına toplaşan etirazçılar ədalət tələb edərkən, şəhərin Miçiqan prospektindən sürücülər siqnallarla keçib. Təhlükəsizlik qüvvələri Atlanta şəhərində xüsusi təyinatlı dəstənin maşınının üzərinə çıxan etirazçılara qarşı kimyəvi maddədən istifadə edib, bəzi etirazçılar isə həbs edilib.

Luisvill şəhərində nümayişlər bir müddət dinc keçsə də, çərşənbə günü polislə etirazçılar arasında qarşıdurma olub, bəzi etirazçılar həbs edilb. Bunun ardınca isə atəş səsini araşdıran iki polis zabiti güllələnib.

Şəhər polis idarəsinin müvəqqəti rəisi Robert Şroeder bir şübhəlinin nəzarət altına alındığını bildirsə də, həmin şəxsin etiraz aksiyalarında iştirak edib-etmədiyi barədə məlumat verməyib. O, hər iki polis zabitinin sağalacağının gözlənildiyini, onlardan birinin əməliyyat olunduğunu deyib.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

"Atletiko"nun futbolçusu "Bayer"də - Rəsmi

SONRAKI XƏBƏR

“Keşikçidağ”ın yeri deyil...