Xudatda nişanlısı 15 yaşlı qızı zorlayıb? - İDDİA

Xudatda nişanlısı 15 yaşlı qızı zorlayıb? - İDDİA

Xudat sakini 16 yaşlı Məmmədova Aygün Akif qızı (ad şərtidir - red.) öz nişanlısının təcavüzünə məruz qalıb.

Bu iddia ilə BAKU.WS-ə yeniyetmənin anası Zeynəb Mirzəyeva müraciət edib. Qadın sosial şəbəkələrdə də bu barədə müraciət yayıb. Qadının sözlərinə görə, 16.12.2004 təvəllüdlü Aygün öz qohumları (atasının əmisi nəvəsi) Mirzəyev Faiq Tahir oğlu ilə nişanlanıb. Elə həmin ay o 1998-ci il təvəllüdlü gənc tərəfindən təcavüzə məruz qalıb. İki aya yaxındır Xudat və Xaçmaz polis şöbəsinə edilən şikayətlərinə isə baxan yoxdur.

Yeniyetmənin anası Zeynəb Mirzəyevanın sözlərinə görə, qızının elçiliyi yayda olub. Bu zaman ailə yeni qohumlarına hələlik toy etməyə hazırlaşmadığını, Aygünün yetkinlik yaşına çatmasını gözləyəcəklərini deyib. Qohumlar da bu təkliflə razılaşıblar.

"Hə"dən sonra Faiq müntəzəm olaraq qızımı anası, bacısıgilə qonaq aparıb. Mən də bir neçə dəfə onlarla getmişəm. İyulun 5-də Faiqin atası bizə gəldi və kəbin kəsdirmək istədiklərini dedi. Biz də onlara belə şərt kəsmədiyimizi xatırlatdıq. Lakin müzakirələrdən sonra kəbinin kəsilməsi ilə razılaşdıq. Bir gün sonra kəbin kəsdirildi. Həmin axşam bizi qonaq çağırdılar. Mənim evdə başqa işim olduğu üçün tez qayıtdım. Qızımı isə nişanlısı özü evə gətirəcəyini dedi. Həmin gün onlar çox gec gəldilər.

Bir gün sonra isə Faiq Bakıya çağırıldığını deyərək gedib. Bundan sonra onlar arasında münasibət də kəsilib. Yoldaşım onlara gedəndə Faiqin atası dedi ki, artıq sənin qızını gəlin kimi istəmirəm. O mənim 30 illik külqabımı sındırıb. Qızın bizlik deyil. Bundan sonra gəlimizlə onların nişanda gətirdikləri geyimləri geri qaytardıq. Gəlinimizə də Aygünün pozğun olduğunu deyiblər. Gəlin Aygünlə danışıb və o nişanlısının ona təcavüz etdiyini deyib".

Qadının sözlərinə görə, bundan sonra ailə polisə müraciət edib. "Bizi iki dəfə ekspertizaya göndərdilər. Ekspertiza da həkimlər bizə dedilər ki, bakirəlik pozulub. Bundan sonra polis şöbəsində bizi get-gələ salıblar, nə zənglərimizə cavab verirlər, nə də şikayətimizə baxırlar".

Xaçmaz polis şöbəsində Vüqar adlı müstəntiqlə görüş zamanı o qarşı tərəfin yetkinlik yaşına çatmayan qızla münasibəti olduğunu təsdiqləyib. Bundan sonra qarşı tərəf A.Mirzəyeva nişanlısının evinə aparmağa razılaşıb. Lakin barışıq uzun çəkməyib. Bir gün sonra bəyin qohumları qudalarına zəng edərək qızlarını geri aparmaqlarını istəyiblər. "Onların qonşusunda polis var. O deyib ki, siz yaşı bitməyən qızı niyə gəlin kimi gətirmisiniz. Problem yaranacaq. Qaytarın geri".

Ailənin sözlərinə görə, müstəntiqlər işə baxmaqdan imtia edirlər. Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq Bölməsinə rəisi Sərdar Alıbəyli isə açıqlmasında deyib ki, gənclər bir-birlərini sevirlər. "A.Mirzəyevə bir neçə dəfə nişanlısının evinə də gedib. Şikayət edəndə onlardan soruşuruq ki tələbiniz nədir? Deyirlər gəlib qızımıza sahib çıxıb aparsınlar. Ailəyə izah edilib ki, onların qızları yetkinlik yaşına çatmadığı üçün ailə qura bilməz. Ekspertiza rəy verib ki, bakirəlik pozulmayıb". Rəisin sözlərinə görə, hər iki ailə polisə dəvət edilib, onlara ekspertizanın rəyi də təqdim ediləcək.

BAKU.WS

Mənbə: baku.ws