İtaliyada koronavirusa yoluxma halları artmaqda davam edir

İtaliyada koronavirusa yoluxma halları artmaqda davam edir

Bakı, 25 sentyabr, AZƏRTAC

İtaliyada koronavirusa yoluxanların sayı yenidən artmağa başlayıb. Ölkənin səhiyyə orqanlarının məlumatına görə, sentyabrın 25-də ümumilikdə 108 min test aparılıb 1912 yoluxma qeydə alınıb. Ondan əvvəlki gün isə yoluxmaların sayı 1786 olub.

AZƏRTAC xəbər verir ki, bununla da İtaliyada aktiv koronavirus daşıyıcılarının sayı 47 min 718 nəfərə çatıb, onlardan 2737 nəfəri xəstəxana şəraitində (244 pasiyent isə reanimasiyada) müalicə alır. Epidemiyanın başladığı fevral ayından indiyədək ölkədə koronavirusla əlaqədar ölüm hallarının sayı 35min 801-ə çatıb.

İtaliyanın cənubunda yerləşən Kampaniya regionunun prezidenti Vinçenzo De Luka bildirib ki, qarşıdakı günlərdə yoluxma halları sürətlə artmaqda davam edərsə, bölgədə yenidən lokdaun elan edilə bilər. Mərkəzi Neapol şəhəri olan bu regionda yoluxmaların artım tempi mart ayındakı səviyyəni üstələyib. Kampaniyada maska taxmaq nəinki qapalı məkanlarda, eləcə də açıq havada da məcburidir və bu qayda oktyabrın 4-dək qüvvədə olacaq.

Yoluxma hallarının artması fonunda ölkədəki futbol stadionlarına azarkeşlərin buraxılması məsələsi də gündəmin əsas mövzuları sırasındadır. Futbol üzrə İtaliya çempionatında (A seriyası) yeni mövsümün başlaması ilə əlaqədar klublar və fanatlar bu istiqamətdə yumşaldılmalara nail olmaq istəyirlər. İtaliya hökuməti oktyabr ayından etibarən sosial məsafə qaydalarına riayət etməklə və stadiondakı tamaşaçı yerlərinin üçdəbirindən artıq olmamaqla azarkeşləri stadionlara buraxmağa hazırlaşır.

Mənbə: azertag.az