Bakıda söyüş üstündə qanlı dava – Təfərrüat

Bakıda söyüş üstündə qanlı dava – Təfərrüat

Bakıda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1977-ci il təvəllüdlü İltifat İsgəndərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, İltifat İsgəndərov Səbail rayonu, Badamdar qəsəbəsində tanışı İlqar Muradovun işlətdiyi “Tava” kafesinin qarşısında mobil telefonla danışarkən ucadan nalayiq söyüşlər söyüb.

İlqar ona ictimai yerdə ucadan nalayiq söyüşlər söyməməsini bildirib. Onların arasında mübahisə yaranıb. İltifat İsgəndərov özündə olan bıçaqla İlqar Muradovun qarın nahiyəsinə vurub.

İltifat İsgəndərovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İltifat İsgəndərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, qeyd edib ki, İlqar Muradovu təxminən 25 ilə yaxındır tanıyır: “Aramızda həmişə normal münasibətlər olub. Yaşadığım evin yaxınlığında İlqarın “Tava" kafesi var. Aramızda dostluq münasibətləri olduğu, eyni zamanda kafe yaşadığım evin yaxınlığında yerləşdiyi üçün tez-tez ora getmişəm”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, hadisə baş verən günü günorta saatlarında evdə tək özü 250 qram spirtli içki qəbul edib: “Sonra evdən çıxaraq İlqarın kafesinə getdim. Orada tək oturub çörək yedim, təxminən 100 qram spirtli içki içdim. Təxminən yarım saat oturduqdan sonra kafedən çıxdım. Kafenin qarşısında dayanaraq mobil telefonla danışmağa başladım.

Həmin zaman içkili olduğum üçün mobil telefonda bir az yüksəkdən danışırdım. Əsəbləşdiyim üçün nalayiq söyüşlər söyürdüm. Bir neçə dəqiqə sonra İlqar gəldi. Kafenin qarşısında yüksək səslə nalayiq söyüş söyməməyimi bildirdi. Aramızda yaxın münasibətlər olduğu üçün onun sözləri mənə pis təsir etdi. Gördüm ki, İlqar kafenin arxasına keçir. Mən də onun arxası ilə getdim.

İlqara nə üçün mənə yolu keçən şəxslərin yanında irad tutmasını soruşdum. O da mənim sərxoş olduğumu, evimə getməyimi və ertəsi gün söhbət edə biləcəyimizi bildirdi. Sərxoş olduğum üçün İlqarın bu sözləri və hərəkətləri də mənə pis təsir etdi. Aramızda bir neçə dəqiqə sözlü mübahisə yarandı. İlqarı qorxutmaq məqsədilə cibimdə olan bıçağı çıxardım və qabağa itələdim. Bıçaq İlqarın qarın nahiyəsinə dəydi”.

İltifat İsgəndərov bildirib ki, bundan sonra İlqara yaxınlaşıb və ona köməklik etmək istəyib: “İlqar mənə evimə getməyi bildirdi. Mən də hadisə yerindən uzaqlaşdım. Zərərçəkmiş şəxsə xəsarət yetirdiyim bıçağı təxminən 2019-cu ilin yay aylarında Gürcüstan Respublikasına gedərkən oradan almışam. Həmin bıçağı meyvə soymaq üçün üzərimdə gəzdirmişəm. İlqarı ümumiyyətlə bıçaqla vurmaq niyyətim olmayıb”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İltifat İsgəndərov 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

 

Mənbə: teleqraf.com