Qrip əleyhinə peyvəndin sürətlə artan koronavirusa nə təsiri olacaq? - mütəxəssis rəyi

İnfeksionist: “COVİD-19 zamanı asqırma daha az olur“

Son bir həftədə ölkəmizdə də koronavirusa yoluxanların sayı pik həddə çatıb. Halbuki iki həftəyə qədər ölkədə virusa yoluxanların sayı 80-140 nəfər arasında dəyişirdi. Yoluxanların sayının birdən-birə kəskin artması mütəxəssisləri həyəcan siqnalı çalmağa vadar edib.

Qeyd edək ki, ölkədə yoluxanların sayının kəskin artması səbəbi ilə artıq bir sıra məhdudiyyətlər tətbiq edilməyə başlayıb. Oktyabrın 19-dan etibarən insanların bir-biriləri ilə təmaslarının məhdudlaşdırılması məqsədilə bütün təhsil müəssisələri bağlanıb, Bakı metrosu fəaliyyətini dayandırıb. Mütəxəssislər qeyd edir ki, yoluxma sayı daha da artarsa yenidən SMS icazə sistemi, evdə qalmaq karantin rejimi tətbiq edilə bilər.

TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev mətbuata son açıqlamasında qeyd edib ki, fərdi məsuliyyətsizlik, arxayınlaşma mövcud vəziyyətə gətirib çıxarıb: “Baxmayaraq yumşalmalardan sonra, təkrar artımın ola biləcəyini dəfələrlə qeyd etmişdik. Bəsit tədbirləri görməliyik. Ciddi nəzarət olsa belə yüksəlişin şahidi olacağıq. İnsanlar təmasdan qaçmalıdırlar. Zəruri olmadıqca bir-birinin evinə getməməlidirlər. Qapalı məkanlarda maska mütləq istifadə etməlidirlər. Hazırda kritik günlər yaşayırıq”.

Vasif Əliyev qeyd edib ki, məktəblərin bağlanması, metronun işləməməsi yetərli olmaya bilər: “Düşünürəm ki, ciddi nəzarət lazımdır. Avropa ölkələrində ciddi nəzarət tədbirləri görülür. Əgər belə artım olsa, sərt karantin rejiminə cəlb oluna bilər”.

Həmçinin mütəxəssislər qeyd edir ki, koronavirusun sürətlə yayılma səbəblərindən biri havaların soyuması ilə mövsümü soyuqdəymə xəstəliklərinin ortaya çıxması, insanların immunitetinin aşağı düşməsi ilə bağlıdır. Məlum olduğu kimi, 12 oktyabrdan etibarən ölkəmizdə bütün şəhər və rayonlarda müəyyən olunmuş əhali qrupları arasında pulsuz olaraq, qrip əleyhinə vaksinasiya tədbirləri aparılır. Məlumata görə, vaksinasiya bir ay ərzində həyata keçiriləcək. Vaksinasiyaya ilk növbədə tibb işçiləri, hamilə qadınlar və xroniki tənəffüs yolları xəstəliklərinə malik olan 6 aylıqdan yuxarı uşaqlar və böyüklər cəlb olunur. Bəs koronavirusun artdığı bir dönəmdə qrip vaksinasiyasının önəmi nə qədər olacaq?

Bu və digər suallarla bağlı tanınmış infeksionist həkim Nilufər Məmmədova “Yeni Müsavat”a danışıb. İnfeksionist ilk növbədə ölkədə koronavirusun sürətlə artma səbəbindən söz açıb: “Payız-qış aylarında hər il müxtəlif virus mənşəli xəstəliklərin yayılmasında artım müşahidə edirik. O cümlədən qrip və ”soyuqdəymə" dediyimiz viruslar bu mövsümdə özləri üçün uyğun şərait tapıb, insanlar arasında kütləvi yoluxmalara səbəb olurlar. Bu viruslar üçün uyğun şərait ətraf mühitin temperaturunun aşağı enməsi, qapalı məkanlarda yaxın məsafədə təmas, orqanizmin vitamin depolarının tükənməsi və sairə ola bilər. COVİD-19-da hər nə qədər mövsümi gediş müşahidə etməsək də, payız-qış aylarında artım olacağını təxmin edirdik. Təbii ki, bu artım qoruyucu tədbirləri gözardı etdiyimiz üçün də sürətləndi”.

Nilufər Məmmədova qeyd edib ki, qrip əleyhinə vaksinasiya qripin ağırlaşma riski olan şəxslər üçün və bu şəxslərə qulluq edən tibb personalı və ya birlikdə yaşayanlar üçün məsləhət olunur: “Qripin ağırlaşmasına görə risk qrupuna 65 yaşdan yuxarı şəxslər, 5 yaşdan kiçik uşaqlar, istənilən yaşda xroniki xəstəliyi olanlar, həmçinin onkoloji xəstələr, astma, diabet xəstələri, hamilə qadınlar və s. daxil edilir. Bu vaksinasiyanın olunmasında məqsəd risk qrupuna daxil olan şəxslərdə qripin ağırlaşmasının və ölümün qarşısını almaqdır. Belə ki, vaksinasiya olunduqda xəstəliyi daha yüngül gedişlə müşahidə olunur”.

Bəs mövsümü soyuqdəymə xəstəlikləri ilə koronavirusu necə ayırd edək? İnfeksionist həkim Nilufər Məmmədova sualımızı bu cür cavablandırdı: “Soyuqdəymə zamanı burun tıxanıqlığı, asqırma, boğaz ağrısı kimi narahatlıqlar daha çox görülür. Bu zaman yüksək hərarət müşahidə etmirik. 1 həftə ərzində sağalma ilə nəticələnir. Bəzən hətta heç bir dərman preparatı qəbul etməyə ehtiyac olmur. Mövsümi qrip soyuqdəyməyə görə nisbətən daha ağır gedişli olur. Yüksək hərarət və nəfəs darlığı müşahidə edilə bilər. Əzələ-oynaq ağrıları demək olar ki, hər xəstədə görülür. Onu da deyim ki, koronavirus soyuqdəymə törədən viruslardandır. COVİD-19 zamanı asqırma daha az görülür. Həmçinin virus ağciyərlərə daxil olub müxtəlif ağırlıqlı iltihabi proseslər törədir. Elə digər viruslardan əsas fərqi də budur".

Cia.az

ƏVVƏLKİ XƏBƏR

Aqressiv meymunlar 13 yaşlı qızı öldürdülər

SONRAKI XƏBƏR

Moskvada COVID-19-dan 62 nəfər öldü