Maştağada şok olay: Kişi gecələr işləyən arvadını yandırdı – Təfərrüat

Maştağada şok olay: Kişi gecələr işləyən arvadını yandırdı – Təfərrüat

Bakıda arvadına xəsarət yetirməkdə ittiham olunan 1981-ci il təvəllüdlü Ceyhun Xudabaxışovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Ceyhun Xudabaxışov 5 may 2019-cu il tarixdə saat 9 radələrində Sabunçu rayonu Maştağa qəsəbəsindəki fərdi yaşayış evində arvadı Raziyə Aslanova ilə evin səliqəsiz olmasına görə mübahisə edib.

Mübahisə zamanı Ceyhun Xudabaxışov Raziyə Aslanovanın üzərinə benzin töküb və alışqanla onu azyaşlı uşaqlarının gözü qarşısında yandırıb.

Yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən Raziyə Aslanovaya vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Ceyhun Xudabaxışovun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ceyhun Xudabaxışov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, mayın 4-də saat 22 radələrində Raziyə Aslanova işə gedib: “Mən isə səhər saat 5 radələrinədək evdə televirzora baxdım, sonra yatdım. Yuxudan saat 9-da oyandım, evin səliqəsiz olduğunu gördüm. Bu səbəbdən Raziyə ilə aramızda mübahisə yarandı. Oğlum Murada 5 manat pul verdim ki, benzin alsın. Sonra Raziyə ilə qızım Zümrüdü evdən çıxardım, evi yandıracağımı dedim.

Raziyə və Zümrüd həyətdəki quşlara yem verməyə başladılar. Murad mənə plasmas qabda 1 litr benzin gətirdi. Benzini evin otaqlarına səpməyə başladım. Bu zaman Raziyə evə girdi, mənə mane olmaq istədi. Plasmas qabı onun üstünə atdım. Bundan sonra Raziyə elektrik peçinə dəyərək yanmağa başladı.

Evdən adeyal götürərək Raziyəni söndürməyə başladım. Bu hadisə ilə bağlı anama xəbər göndərdim. Həmçinin özüm təcili tibbi yardım stansiyasına zəng etdim, kömək istədim. Bir neçə dəqiqə sonra təcili yardım gəldi, Raziyəni xəstəxanaya apardılar. Məqsədim Raziyəni səliqəsiz olduğu üçün qorxutmaq olub, ona xəsarət yetirmək olmayıb”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Raziyə Aslanova bildirib ki, mayın 4-də axşam saat 22 radələrində evdən çıxaraq sexə işə gedib: “Həmin günü evdə həyat yoldaşım Ceyhun və övladlarım olub. Ceyhun içkili və hallı vəziyyətdə idi. Axşam yağış yağdığı üçün yuyulmuş paltarları ipdən götürdüm, evə yataq otağına qoydum. İşə gecikdiyim üçün paltarları ütüləmədim”.

Raziyə Aslanovanın sözlərinə görə, səhəri gün, yəni mayın 5-də, saat 7 radələrində işdən evə gəlib: “Qzım Zümrüd məni qarşıladı. Yorğun olduğum üçün Zümrüdə bir neçə dəqiqə yatacağımı bildirdim və atası Ceyhun oyanan zaman məni də durğuzmağını xahiş etdim. Lakin Zümrüd də yatıb qaldığından Ceyhun oyanan zaman məni oyatmayıb. Bir qədər keçmiş, təxminən saat 8 radələrində Ceyhunun mətbəx otağında qışqırdığını eşitdim. Tez yuxudan oyandım və onun yanına getdim.

Ceyhun mənim saçımdan tutdu, sonra qabyuyana tərəf sürütlədi. O, hansı səbəbə görə qabların çirkli olduğunu soruşdu. Ondan xahiş etdim ki, hələlik çay içib, səhər yeməyini yesin, o vaxta qədər hamısını yuyacam. Lakin Ceyhun evin səliqə-səhmansız olduğunu dedi. Mənim saçlarımdan tutaraq evin içində sürüdü, təpiklə bədənimin müxtəlif hissələrinə vurdu. Bu vaxt Ceyhun qonaq otağındaki stolun üstündən 10 manatlıq gündəlik maaşımdan 5 manatını götürdü, oğlum Murada həmin pulu verərək qonşuluqdan benzin almağını tapşırdı. Murad Ceyhundan qorxduğu üçün həmin pulu götürdü və evdən çıxdı. Mən isə Ceyhunun əlindən qaçdım, evin həyətində gözlədim ki, sakitləşsin”.

Raziyə Aslanovanın ifadəsinə görə, dayandığı yerdən evin giriş qapısını görmək mümkün olmadığı üçün oğlunun nə zaman qayıtdığını bilməyib: “Təxminən 5 dəqiqə keçmiş qızım Zümrüd evdən qışqıraraq Ceyhunun evə benzin tökdüyünü və bizi yandırmaq istədiyini bildirdi. Mən də tez evə qaçdım. İçəri daxil olan kimi Ceyhun evin giriş qapısını açarla bağladı və əlində olan 1litrlik plasmas qabdakı benzini evdə olan əşyaların, döşəmənin üstünə səpdi, qabda qalan benzinin qalan hissəsini üzərimə tökdü.

Ceyhundan evi və bizi yandırmamağı, bizdən əl çəkməyini xahiş etdim. O isə yalvarışlarıma baxmayaraq cibində olan alışqanı çıxararaq alovlandırdı və mənə doğru uzatdı. Alışqanı mənə uzadan kimi alov qalxdı və yanmağa başladım.

Həmin vaxt ayaq üstə idim, evin içərisində o tərəf, bu tərəfə qaçdım, kömək etmələrini istədim. Əsasən alov bədənimin sol tərəfinə yayıldı. Qızım Zümrüdün köməkliyi ilə alovu söndürməyə başladım. Bundan sonra Zümrüdlə Ceyhun birlikdə alovu söndürdülər. Ceyhun qızımdan qaçıb nənəsinə yağ almağını, qonşuya gedib təcili yardıma zəng vurmasını tələb etdi. Bir neçə dəqiqə sonra təcili tibbi yardım maşını gələrək məni 5 saylı Şəhər Kliniki Xəstəxanaya apardı”.

Raziyə Aslanova bildirib ki, Ceyhunun dediklərini yalandır, özünü müdafiə xarakteri daşıyır: “Evimdə olan elektrik peçi mətbəx otağında yerləşib, hadisə isə qonaq otağında baş verib. Evdə olan qaz peçi xarab olduğu üçün ümumiyyətlə işləməyib. Hadisə baş verən zaman evdə olan xalça və oğlum Muradın çarpayısının üstündə olan adyal yanıb. Ceyhun məni həmin adyal ilə söndürüb”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Xudabaxışov 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Mənbə: teleqraf.com