İrandan Azərbaycana narkotik gətirən qadına və şərikinə hökm oxundu

İrandan Azərbaycana bədəninin daxilində və ayaqqabısının dabanında narkotik vasitə keçirən qadına və onunla birlikdə həbs edilən şəxsə hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq, külli miqdarda narkotik vasitə əldə etmə və satmada ittiham edilən 1974-cü il təvəllüdlü İlhamə Kərimova və 1968-ci il təvəllüdlü Elsevər Mahmudovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən İ.Kərimova 7 il, E.Mahmudov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Xətai Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, əldə edilən əməliyyat məlumatı əsasında paytaxt sakini İlhamə Kərimova metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında polis tərəfindən saxlanılıb.
Onun üzərinə baxış zamanı ümumi çəkisi 333,296 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.
Araşdırma zamanı İlhamə Kərimova narkotik vasitəni bir müddət əvvəl İrandan Azərbaycana bədəninin daxilində və ayaqqabısının dabanında gizlədərək, gizli yolla gətirdiyini etiraf edib.
İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilib. əməliyyat zamanı İ.Kərimova ilə əlbir olmaqda suçlanan E.Mahmudov da saxlanılıb.

Cia.az

ƏVVƏLKİ XƏBƏR

“Xankəndi başda olmaqla Qarabağın işğal olunmuş bütün əraziləri…”

SONRAKI XƏBƏR

Beynəlxalq subyektlər Ermənistanı cəzalandırmalıdır - Deputat