"Türkiyədə baş verən zəlzələ və ondan sonrakı afterşoklar RSXM tərəfindən qeydə alınıb"

Türkiyədə baş verən zəlzələ və ondan sonrakı afterşoklar RSXM tərəfindən qeydə alınıb.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

Q.Yetirmişli bildirib: "Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən afterşoklar AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Seysmik Monitorinq Monitorinq Şəbəkəsi tərəfindən qeydə alınıb. Hazırda qardaş ölkədə baş verən zəlzələ ilə bağlı müşahidələrimizi davam etdiririk. Bizim bu sahədə qardaş ölkənin müvafiq qurumları - Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və Kandilli Rəsədxanası ilə ikitərəfli əməkdaşlığımız və məlumat mübadiləmiz var. Türkiyənin bir çox bölgələri, eləcə də Egey dənizi bölgəsi seysmik baxımdan aktiv zonadır. Vaxtaşırı həmin bölgədə güclü və hiss olunan zəlzələlər baş verir. Bu gün baş verən zəlzələ də Egey dənizi zonasında olub".

Professor Qurban Yetirmişli İzmirdəki zəlzələ zamanı insan təlafatının və yaralıların olmasına görə kədərləndiyini və qardaş Türkiyə xalqının yanında olduqlarını bildirib:

"Türkiyə bizim təkcə qonşu və yaxın əməkdaşlıq etdiyimiz dövlət deyil. Türkiyə bizim qardaş ölkəmizdir. Ulu Öndərimizin dediyi kimi, biz "Tək millət, iki dövlətik". Son hadisələr zamanı bunu bütün dünya da bir daha gördü. Ona görə də türk qardaşlarımızın kədəri bizim kədərimizdi. Düzdür, zəlzələ təbii fəlakətdir və onun qarşısını almaq mümkün deyil. Biz Türkiyəyə və qardaş türk xalqına əmin-amanlıq arzu edirik. Dualarımız Türkiyədəki qardaşlarımızladır. Allah Türkiyə dövlətini və xalqını qorusun!"

 

Demokratikmusavat.com

ƏVVƏLKİ XƏBƏR

Türkiyə "Türk ocaqları" Azərbaycana ilk yardımını göndərib

SONRAKI XƏBƏR

İki sivilizasiyanın qarşıdurması: Fransa ağır problemlərin ağuşuna sürüklənir