Moskvada baş vermiş terror hadisələri ilə bağlı polis polkovniki barəsində həbs qərarı çıxarılıb

Moskvada baş vermiş terror hadisələri ilə bağlı polis polkovniki barəsində həbs qərarı çıxarılıb

Moskvanın Basmannı Məhkəməsi Dağıstanın Kizlyar rayonunun polis rəisi, polis polkovniki Qazi İsaev barəsində 2010-cu ildə Moskvada baş verən terror hadisələrində iştirakı ilə bağlı həbs qərarı çıxarıb.

APA-nın verdiyi xəbərə görə, bu barədə RİA Novosti-yə məhkəmənin mətbuat katibi İrina Sofinskaya məlumat verib.

Bildirilib ki, Qazi İsayevə qarşı həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin icrası 4 yanvar 2021-ci il tarixinədək təmin ediləcək.

İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko bildirib ki, Q.İsaev 29 mart 2010-cu ildə Moskvanın “Lubyanka” və “Park Kulturı” metro stansiyalarında törədilən terror aktları ilə əlaqədar tutulub. Hadisə nəticəsində 39 nəfər ölüb, 100-dən çox adam yaralanıb.

Qeyd edək ki, Q.İsaev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210-cu maddəsinin 3-cü hissəsi, 209-cu maddəsinin 3-cü hissəsi, 205-ci maddəsinin 3-cü hissəsinin "b" bəndi (bir şəxsin öz vəzifə səlahiyyətlərindən istifadə edərək terror aktı törətməkdə, mütəşəkkil cinayətkarlıqda iştirak) ilə günahlandırılıb.

Mənbə: apa.az