Ay missiyası: Çin Yerin təbii peykinə doğru raket buraxdı

Ay missiyası: Çin Yerin təbii peykinə doğru raket buraxdı

Çinin göyərtəsində “Çanye-5” qurğusu olan ağır “Çançjen-5” daşıyıcı raketi Haynandakı kosmodromdan uğurla start götürüb. “Çanye-5” Ay səthinə enib peykimizin süxurlarından nümunə götürərək Yerə qayıdacaq.

Raketin buraxılışı “Vençan” kosmodromundan gerçəkləşdirilib. Ekspedisiyanın uğurlu olacağı təqdirdə “Çanye-5“ son 44 ildə Ay reqolitinin nümunələrini (Ayın qırıntılardan ibarət ən üst qatı) planetimizə gətirməyi bacaran ilk missiya olacaq. Əvvəllər bunu ancaq SSRİ və ABŞ bacarmışdı.

Konstruktorların hesablamalarına görə, orbital modul Ay orbitində yerləşəcək, eyni zamanda enmə modulu Ayın səthinə enəcək, qrunt nümunələri götürəndən sonra orbitdəki modulla görüşərək nümunələri ona ötürəcək, o isə öz növbəsində Yerə qayıdacaq.

Çin son vaxtlar dominant qüvvə kimi ABŞ-ı kosmosda əvəzləmək barədə qəti niyyətini ortaya qoyur. Bu ilin iyulunda Çin Marsı tədqiq edəcək ilk çin zondu – “Tyanven-1”in (“Səmaya suallar-1”) uğurlu startını gerçəkləşdirdi. Planda Çin kosmik stansiyasının tikintisi, eləcə də Ayın fəthi və təbii peykimizə kosmonavtların enişidir.

Mənbə: sputnik.az