Koronavirusdan ölənlər qəbirdən çıxarılır

Koronavirusdan ölənlər qəbirdən çıxarılır

Ekvador Prokurorluğu bu işə Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlayıb.

Ekvador Prokurorluğu yeni tip koronavirus (COVID-19) pandemiyasının ən kritik günlərində həyatını itirənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, artıq bu məqsədlə Quayakil şəhərindəki qəbirlərin bir hissəsi eksqumasiya olunub.

Ekvador Prokurorluğunun sosial media vasitəsilə verdiyi açıqlamada "Hazırda Milli Ekspertiza Sisteminin dəstəyi ilə COVID-19 pandemiyası zamanı həyatını itirən şəxslərin kimliyini müəyyənləşdirmək üçün DNT nümunələri toplayırıq", - deyə bildirilir.

İndiyə kimi Quayakildəki Los Seybos xəstəxanasından aparılaraq basdırılmış 45 cəsəddən 18-i artıq qəbirdən çıxarılıb. Dauel qəsəbəsindəki La Avrora qəbirstanlığında isə eksqumasiya işlərinin bir neçə gün sonra başa çatdırılacağı bildirilib.

Qeyd edək ki, Ekvador Prokurorluğu istintaqa may ayında, Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlamışdı. Pandemiyanın geniş yayıldığı mart-aprel ayları ərzində ölkənin səhiyyə sistemi çökmüş, virusdan ölənlərin basdırılamasında isə böyük çətinlik yaranmışdı. Dövlət xəstəxanalarında cəsədlərin qarışıq düşməsi ilə yanaşı, evində ölənlərin meyitləri də toplanaraq günlərlə gözlədikdən sonra şəxsiyyətləri müəyyən olunmadan yandırılmışdı. Yaranan qarışıqlıq zamanı sistemdə ölü kimi qeydə alınan bəzi insanların sonradan əslində sağ olduqları üzə çıxdı. Bundan sonra Ekvador Prokurorluğu bütün məzarların bir-bir eksqumasiya olunması haqqında qərar verdi.

Mənbə: sputnik.az