FHN: Gəncədə yanğın təhlükəsizliyi qaydalarının pozulmasının qarşısı alınıb

FHN: Gəncədə yanğın təhlükəsizliyi qaydalarının pozulmasının qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən, öz səlahiyyətlərinə uyğun olaraq, Gəncə şəhəri, Səfəvilər küçəsində yerləşən mebel sexində planlı yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud oluğu müəyyən edilib.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinindən bildirilib. Məlumata görə, yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, “Yanğın təhlükəsizliyi haqqında” Qanunun 25-ci maddəsinin 9-cu bəndini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 28-ci maddəsini, eləcə də “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 9.7-ci bəndininin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş mebel sexində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul edilib.

“Yanğın təhlükəsizliyi haqqında” Qanunun 6-cı və 7-ci maddələrinə əsasən fiziki, vəzifəli və hüquqi şəxslərin yanğın təhlükəsizliyi sahəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin qanuni göstərişlərini, qərarlarını və tələblərini yerinə yetirməli olduqları obyektin məsul şəxslərinə bir daha izah edilib, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozan, o cümlədən bu qərarı icra etməyən fiziki, vəzifəli və hüquqi şəxslərin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq müddəaları ilə məsuliyyət daşıdıqları nəzərlərinə çatdırılıb.

Mənbə: apa.az