Oğlunun ölümünə dözə bilmədi: Atanın ürəyi dayandı

Oğlunun ölümünə dözə bilmədi: Atanın ürəyi dayandı

44 günlük Vətən müharibəsində qələbə qazanan Azərbaycan Ordusu 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad edib.

Bu qələbədə bir çox bölgələrimizdən olan könüllü əsgərlərimizin, yüksək rütbəli zabitlərimizin əməyi danılmazdır. Necə deyərlər, torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur.

Belə ki, Vətən müharibəsində canından keçən, qanı bahasına döyüşərək şəhid olan, torpaqlarımızın azadlığa qovuşmasında iştirak edən şəhid və qazilərimiz də var.

Cebhe.info Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan İbrahimov Qurban Namiq oğlunun qohumları ilə həmsöhbət olub.

Şəhidin qohumu Gəray Niftalıyev bildirib ki, İbrahimov Qurban Namiq oğlu Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub:

“Ondan bir neçə gün sonra isə oğlunun ölümünə dözə bilməyən atasının ürəyi dayandı. Naxçıvan Muxtar Respublikası Kəngərli rayon Qabıllı kəndindən olan Baş leytenant İbrahimov Qurban Namiq oğlu Şuşa uğrunda döyüşərkən düşmənin snayper gülləsinə tuş gəlib.

Şəhidin atası İbrahimov Namiq Qurban oğlu oğlunun cəsədinin Şuşadan Füzuli rayonuna gətirildiyini öyrənən kimi cəsədin Bakıya gətirilib oradan da Naxçıvana aparılaraq dəfn edilməsi prosesində şəxsən iştirak edib. Noyabr ayının 13-də şəhidimizi torpağa tapşırıqdıq. Dünən axşam saatlarında isə şəhidimizin atası İbrahimov Namiq ürəktutmasından həyatını dəyişdi. Bir ata üçün oğlunun cansız bədəni olan maşında uzun yol gəlmək çətindir. Namiq qardaşımız da buna çox dözə bilmədi. Allah hər ikisinə rəhmət eləsin!”

Semra Ələkbərli

Mənbə: cebhe.info