Evdə müalicə alan COVID xəstələrinə lazımi dərmanlar verilmir? - "500-600-ə tapmaq olur"

Evdə müalicə alan COVID xəstələrinə lazımi dərmanlar verilmir? - "500-600-ə tapmaq olur"

Qalib Əsədov bildirir ki, həmçinin Bakıda COVID-19 xəstəsi ilə kontaktda olan ailə üzvlərindən test yoxlamalarının aparılması dayandırılıb

Tanınmış həkim Qalib Əsədov Azərbaycanda COVID-19 xəstəliyindən evdə müalicə alan xəstələrə verilən dərman preparatlarının azlığından şikayətlənib. Sputnik Azərbaycan-ın məlumatına görə, Q.Əsədov facebook sosial şəbəkəsindəki hesabında Türkiyədə və Azərbaycanda evdə müalicə alan COVID-19 xəstələrinə pulsuz verilən dərman preparatlarının müqayisəli şəklini paylaşıb.

O bildirib ki, antiviral preparatlar Azərbaycanda koronavirus xəstələrinə verilmir. Q.Əsədov həmçinin koronavirusa yoluxmuş şəxslərin ailə üzvlərinin koronavirusa görə test yoxlaması aparılmasının dayandırıldığını bildirib: "Birinci şəkildə evdə müalicə olunan COVID-19 xəstəsinə Türkiyədə verilən müalicə paketidir. Göründüyü kimi, bu xəstələrdə effekti sübut olunan antiviral preparat da (favicovir) qoyulub. İkinci şəkildə Azərbaycanda evdə müalicə olunan belə xəstəyə verilən müalicə paketidir. Heç bir antiviral dərman yoxdur. Zərər yox.

Heç olmasa, apteklərə verin, insanlar öz pulu ilə alsınlar. Bizdə bu dərmanı tapmaq mümkündür deyənlərlə tam razıyam. Bəzən 500-600 manata tapmaq olur. Amma düzü, yerini mən də bilmirəm. Sadəcə, belə eşitmişəm. Həmçinin Bakıda COVID-19 xəstəsi ilə kontaktda olan ailə üzvlərindən test yoxlamalarının aparılması dayandırılıb. Bunu bu gün mənə şəhər poliklinikasından dedilər. Testlərimiz, deyəsən, qurtarmaq üzrədir. Kim özünü yoxlatmaq istəyirsə, özəllərə müraciət edə bilər".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış məsələnin araşdırılacağını, sorğuya cavab veriləcəyini bildirdi.

Mənbə: sputnik.az