Gümrüdə rus əsgərlərinə "ölüm hücumları" yenə başladı - ermənilərin qisas ehtimalı…

Gümrüdə rus əsgərlərinə "ölüm hücumları" yenə başladı - ermənilərin qisas ehtimalı…

Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının əsgəri öldürülüb. Bu barədə Ermənistan KIV-i məlumat yayıb. Bildirilir ki, Rusiya hərbi bazasının əsgəri, 1996-cı il təvəllüdlü Dmitri Salpayevin üzərində zorakılıq əlamətləri olan cəsədi Gümrünün Kursk massivində yerləşən “Arqo” mağazasında aşkarlanıb. Məlumatlara görə, hərbi qulluqçu davada öldürülüb və onu öldürənlərdən biri istintaqa cəlb olunub.

Qeyd edək ki, bu, Ermənistandakı Rusiya hərbçisinin öldürüldüyü ilk fakt deyil. Araşdırmalarımız göstərir ki, belə hallar əsasən Ermənistanda anti-Rusiya ovqatının geniş vüsət aldığı zamanlarda daha çox baş qaldırmağa başlayır. 2015-ci il yanvar ayının 12-də 102-ci hərbi bazadan qaçan rusiyalı hərbçi Valeri Permyakov Gümrüdə bir erməni ailəsinin 6 üzvünü güllələdikdən sonra ermənilər rus hərbçilərə qarşı aqressivlik nümayiş etdirməyə başlayıb. Həmin hadisədən sonra radikal millətçilər hər vasitə ilə rus əsgərlərindən bunun əvəzini çıxmağa çalışacaqlarını bəyan ediblər. Bunun ardınca Ermənistanın şimalındakı Gümrü şəhərində Rusiya sərhəd qoşunlarının müqavilə əsasında xidmət edən hərbçisinin cəsədinin tapılması erməni-rus münasibətlərinin yenidən gərginləşməsinə səbəb olmuşdu. Şirak vilayəti prokurorunun sözlərinə görə, Artur Afyanın cəsədi Gümrü yaxınlığındakı Maisyan kəndində, mağazanın arxasında aşkar edilib. Hərbçi asılmış vəziyyətdə olub, lakin onun intihar etdiyini, yaxud qətlə yetirildiyini ekspertiza müəyyən etməlidir, prokuror deyib.

Ermənistanda rus hərbçilərinə qarşı ölüm hallarının yenidən qeydə alınması həmin cəmiyyətin Rusiyadan qisas alma ehtimalını nə dərəcədə mümkün edir?

Məsələ burasındadır ki, belə hadisələr daha çox Rusiya ilə yaşanan gərginliyin fonunda baş verir. Bundan əvvəl də rəsmi İrəvan öldürülən rus hərbçiləri ilə bağlı qətlin motivini dəyişməyə, fikri yayındırmağa çalışıb. Bu səbəbdən rus hərbçilərinin öldürülməsilə bağlı cinayət tam araşdırılmadan tələm-tələsik bildirilib ki, qətl məişət zəminində törədilib. Lakin bu barədə heç bir sübut göstərilməyib. Gümrüdəki bazada rus əsgəri Permyakovla bağlı məlum hadisədən sonra qəti göstəriş verilmişdi ki, bazanın əsgərləri şəhərə tək çıxmamalıdırlar. Yalnız xüsusi icazə və ya razılıq olarsa, şəxsi heyət qarnizonu tərk edə bilər. Hiss olunur ki, müharibədəki məğlubiyyətdən sonra Ermənistanda ruslara qarşı antipatiya və aqressiya hissləri güclənib. Bunu onların sosial şəbəkə seqmeti və KİV-lərindəki fikirlərdən də görmək olar. Çünki onlar düşünürdü ki, Rusiya gəlib onların əvəzindən vuruşub, Azərbaycana öz ərazi bütövlüyünü təmin etməyə mane olacaq. Bu baş vermədi və nəticədə Ermənistan açı məğlubiyyəti daddı. Onların cəmiyyəti hazırda şok içərisindədir. Hələ də əsgər valideynləri itmiş övladlarını axtarır. Çoxlarının nə ölüsü var, nə də dirisi. Ermənistanda milli valyuta sürətlə dəyər itirir. Koronavirusla mübarizədə dövlət acizliyini etiraf edir. Buna görə aqressivləşən cəmiyyət bunun bir çox günahını Rusiyada görür. Ermənilər bu son hadisəni də məişət zəminində baş verən hadisə kimi qələmə verməyə çalışacaqlar. Əslində isə səbəblər çox ciddidir və dərindir və bunun qisas zəminində baş vermə versiyası daha inandırıcıdır. Ehtimal edə bilərik ki, bu hadisənin davamı da gələcək. Buna görə də, Rusiya son hərbçi qətli ilə bağlı motivi daha ciddi araşdırmalıdır.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com