Suqovuşan ətrafında ayağını itirən 19 yaşlı əsgər YATAQXANADA, ÇƏTİN ŞƏRAİTDƏ YAŞAYIR FOTO

Suqovuşan ətrafında ayağını itirən 19 yaşlı əsgər YATAQXANADA, ÇƏTİN ŞƏRAİTDƏ YAŞAYIR FOTO

Vətən müharibəsində mərdliklə döyüşən və ayağını itirən qazilərdən biri də Qazax rayon sakini 19 yaşlı Kənan Nadir oğlu Musayevdir. Kənan müharibənin ilk günlərindən cəbhəyə yollanıb, Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 3-də ağır yaralanıb.

Anası Məhəbbət Məmmədova virtualaz.org-a bildirib ki, oğlu cəbhəyə gülə-gülə, yüksək əhval-ruhiyyə ilə gedib:

“Kənan Tərtərdə hərbi xidmətdə idi. Cəbhəyə yola düşmədən əvvəl danışdıq. Dedi ki, müharibəyə gedir. O qədər yüksək əhval-ruhiyyədə idi ki, əlavə heç nə soruşmadım. Onun nikbinliyi ilə təsəlli tapdım. Övladımı tanıyıram, bilirəm ki, heç bir qüvvə onu döyüşdən saxlaya bilməzdi. Hər şəhid xəbərindən sonra sarsılırdı, qisas almağı, torpaqların işğaldan azad edilməsi uğrunda döyüşməyi arzulayırdı”- ana danışıb. Kənan Suqavuşan istiqamətində minaya düşüb. Ana hadisədən 4 gün sonra xəbər tutub. Vaxtında bilmirdim, özü mənim narahat olmağıma razı olmurdu. Elə bir kəlmə demişdi ki, narahatlığa əsas yoxdur, bu müharibədə qalib olacağıq. Kənan danışır ki, özünə gələndə ayağının qopub üstünə düşdüyünü görüb. Sol ayağı dizindən aşağı amputasiya edilib, sol əlindən də əməliyyat olunub. Ay yarımdır evdədir, şükür artıq yaraları sağalır. Başına gələnlərə, ağrı-acısına baxmayaraq nikbindir. Yaralandığı ilk gündən “Vətən sağ olsun” deyir. Ona özüm qulluq edirəm, edəcəm də”.

Ailə Qazaxda "Kənd Təsərrüfatı Texnikomu yataqxanası" adlanan tikilidə yaşayır. M.Məmmədova deyir ki, illər əvvəl həyat yoldaşından ayrıldığından üç övladı ilə evsiz qalıb. Qazax rayon icra nümayəndəliyinin köməkliyi ilə yataqxanada iki otaqlı mənzillə təmin ediliblər. Qızları ailə qurub, Kənan isə hərbi xidmətə yollanıb: “Kənan evdə müalicəsini davam etdirir. Dünən rayon icra hakimiyyətindən nümayəndələr gəldi, Kənana görə yataqxanaya qaz çəkiləcəyini bildirdilər. Çünki hamam ümumidir, iki ailə istifadə edir, bir qədər çətinlik çəkirik”.

İndi ana aidiyyatı dövlət strukturlarının tezliklə onların güzəranını yaxşılaşdıracağına və ayağını itirmiş gənc övladının müalicəsinin davam etdirilməsinə kömək göstərəcəyinə ümid edir. Kənan isə bildirib ki, ağır əməliyyatlar keçirilməsinə, ağrı-acılarına baxmayaraq döyüşə qatılmasına təəssüflənmir. Çünki torpaqların işğaldan azad olunmasında onun da rolu var və bu, onu qürurlandırır.

Ü.Xudiyeva

Virtualaz.org

Mənbə: virtualaz.org