54 gün bayrağımızla mühasirədə qalan şəxs: “Bəlkə də sağ qalmağım Allahın rəhmidir...”

54 gün bayrağımızla mühasirədə qalan şəxs:  “Bəlkə də sağ qalmağım Allahın rəhmidir...”

“1958-ci ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olmuşam. 1975-ci ildə orta məktəbi bitirdikdən sonra Bakıya gəldim və burada fəhlə işlədim. 1977-1979-cu illərdə Rusiyanın Çita şəhərində hərbi xidmət keçdikdən sonra Bakıya qayıtdım. Həm Laçına gedirdim, həm də Bakıda qalırdım. Daha sonra ermənilərin bizlərə qarşı mundar təxribatı başladı”

Bu sözləri Moderator.Az-a 54 gün mühasirədə qalan Qarabağ müharibəsinin canlı şahidi Şakir İsgəndərov deyib. O mühasirədə olduğu müddətdə bayrağımızdan bir an da olsa ayrılmadığını bildirib.

“1992- ci ilin martında könüllü kimi döyüşlərə gedəndə bir bayraq da götürdüm. Onu götürəndə dedim ki, qələbənin şərəfinə bu bayrağı asacağam. Əhd etmişdim ki, Laçın alınanda onu bacımgilin qapısından asım. Biz mühasirəyə düşən zaman mənim üzərimdə balaca Quran və həmin bayraq var idi. Çətin anlarda bayrağa və Qurana sarıldım. Bəlkə də mənim sağ qalmağım Allahın rəhmidir. Həmin bayraq və Quran bu gün də məndə qalır. Onlar mənim ömür-gün yoldaşımdır. Mən onu düşmənə təslim etməmişəm. Bu gün artıq Laçın azaddır. Hal-hazırda Çilov adasındayam, burada fəhlə işləyirəm. Sağ olsunlar, mənə böyük hörmət edirlər. Hamı zəng edib, Laçının alınması münasibəti ilə məni təbrik edir. İnanın sevincimin həddi-hüdudu yoxdur” deyə müsahibimiz bildirib

Mənbə: moderator.az