Microsoft-un həmtəsisçisi Bill Qeyts Ceffri Epşteyn işi ilə bağlı ABŞ Konqresində ifadə verib. O, Epşteynin adasına, fermasına və ya Florida ştatındakı evinə heç vaxt getmədiyini bildirib. Qeyts qanunsuz fəaliyyətlərdə iştirak etmədiyini də vurğulayıb.
İş adamı Nümayəndələr Palatasının Nəzarət Komitəsində könüllü ifadə verib. İclas mətbuat üçün qapalı keçirilib. Qeyts çıxışında Epşteynin cinayət fəaliyyətlərinin şahidi olmadığını deyib.
Qeyts uzun müddətdir müzakirə olunan əlaqə iddialarına da münasibət bildirib. O, Epşteynlə şəxsi münasibət qurmadığını söyləyib. Bildirib ki, Epşteyn onunla yaxınlıq yaratmağa çalışıb. Lakin bu cəhdlər qarşılıq görməyib.
Bill Qeyts Epşteynlə ilk dəfə 2011-ci ildə tanış olduğunu açıqlayıb. Onun sözlərinə görə, Epşteyn qlobal səhiyyə layihələrinə maliyyə cəlb edə biləcəyini iddia edib. Bu səbəbdən bir neçə görüş baş tutub.

Qeyts Epşteynin keçmişində hüquqi problemlər olduğunu bildiyini deyib. Ancaq cinayətlərin miqyasını tam anlamadığını qeyd edib. Sonradan bunun ciddi səhv olduğunu etiraf edib.
“Ən əvvəl onunla görüşməməli idim. Bu, böyük səhv idi”, - deyə Qeyts bildirib.
Milyarder iş adamı daha sonra Epşteyndən uzaqlaşmağa çalışdığını söyləyib. Onun iddiasına görə, Epşteyn yenidən əlaqə yaratmaq istəyirdi. Bunun üçün müxtəlif vasitələrdən istifadə edirdi.
Qeyts bildirib ki, Epşteyn keçmiş şəxsi həyatı ilə bağlı məlumatlardan istifadə etməyə çalışıb. O, bunun təzyiq yaratmaq məqsədi daşıdığını iddia edib.
“Epşteyn yalanlar yayırdı. Keçmiş xəyanətlərimlə bağlı məlumatlardan da istifadə etməyə çalışırdı”, - deyə Qeyts qeyd edib.
Bill Qeyts ifadəsinin zərərçəkənlər üçün faydalı olacağına ümid etdiyini bildirib. O, Epşteyn qurbanlarının ədalətə qovuşmasını arzuladığını vurğulayıb.
Ceffri Epşteyn 2002-2005-ci illərdə yetkinlik yaşına çatmayan qızlara qarşı cinayətlərdə ittiham olunurdu. O, 2019-cu ildə həbsxanada ölü tapılmışdı. ABŞ rəsmiləri ölüm səbəbinin intihar olduğunu açıqlamışdı.
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyinin açıqladığı Epşteyn sənədlərində Bill Qeytsin adı da yer alıb. Sənədlərdə onların birlikdə çəkilmiş fotoları dərc olunub. Qeyts isə əvvəlki açıqlamalarında hər hansı cinayətə qarışmadığını bildirib.
İsmayıl
Mənbə: demokrat.az