Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə hallarında təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hakim Elçin Məmmədovun sədrlik etdiyi proses şahidlərin dindirilməsi ilə davam edir.
Lakin adları çəkilən şahidlərin bəziləri məhkəmə prosesinə gəlməyib. Belə ki, həmin şahidlərin əksəriyyəti orta və ali təhsil müəssisələrində pedaqoqdurlar.
Məhkəmədə zərərçəkmiş qismində iştirak edən Dövlət İmtahan Mərkəzinin (DİM) hüquqlarını müdafiə edən tərəf sözügedən şahidlərin prosesə yenidən çağırılması və ya barələrində məcburi gətirilmənin təmin edilməsi ilə bağlı hakimə vəsatət verib. Hakim bu vəsatəti təmin edib, onların məcburi gətirilməsi ilə bağlı qərar verib.
Ardından prosesdə iştirak edən şahidlərdən biri - Gəncə Miqrasiya İdarəsinin nümayəndəsi Vüsal Zeynalov hakimin suallarını cavablandırıb. O bildirib ki, Gündüz Abbasovu uşağının ali məktəbə hazırlıq prosesində tanıyıb. Amma övladında qurğu və ya digər texniki vasitə aşkar edilməyib.
Prokuror şahidin nəzərinə çatıdırıb ki, hazırda mühakimə edilən Gündüz Abbasov ibtidai istintaq vaxtı verdiyi ifadəsində sizdən 8 min manat pul aldığını etiraf edib. Amma şahid Abbasovun öz əleyhinə verdiyi ifadəni qəbul etməyib. O, övladının universitetə qəbul edilməsi üçün pul vermədiyini iddia edib.
Yunis Quliyev
Mənbə: qafqazinfo.az