ABŞ Federal Ehtiyat Sisteminə (FRS) 18 il rəhbərlik etmiş nüfuzlu amerikalı iqtisadçı Alan Qrinspen iyunun 22-də 100 yaşında Parkinson xəstəliyinin ağırlaşmaları nəticəsində vəfat edib.
Bu barədə "NBC News" mərhumun həyat yoldaşına istinadən məlumat yayıb.
Məlumata görə, Qrinspen dörd ABŞ prezidentinin hakimiyyəti dövründə ardıcıl beş müddət - 1987-ci ildən 2006-cı ilin əvvəlinədək - FRS-in sədri vəzifəsini icra edib. Həmin illərdə ölkədə işsizliyin aşağı səviyyədə olduğu şəraitdə iqtisadiyyat və fond bazarı sürətlə inkişaf edib. "Bloomberg"in məlumatına görə, bu müddət ərzində "S&P 500" fond indeksi təxminən dörd dəfə artıb, ABŞ ÜDM-nin orta illik artım tempi 3,5 faiz, işsizlik səviyyəsi isə 5,5 faiz təşkil edib.
Qrinspenin FRS-də fəaliyyətinin son illərində isə ABŞ iqtisadiyyatında disbalanslar formalaşmağa başlayıb və sonradan 2007-ci ilin ortalarında qlobal maliyyə böhranına gətirib çıxaran ciddi problemlər üzə çıxıb.
Xatırladaq ki, Alan Qrinspenin FRS-ə rəhbərlik etdiyi dövr ABŞ Mərkəzi Bankının tarixində ikinci ən uzun rəhbərlik müddəti hesab olunur. Bu vəzifəni ondan daha uzun - 19 il ərzində - yalnız Uilyam Makçesni Martin-kiçik tutub. O, 1951-ci ildən 1970-ci ilədək FRS-in sədri olub.
Mənbə: oxu.az