Həmkəndlisini öldürən şəxsə 17 il HƏBS CƏZASI

Həmkəndlisini öldürən şəxsə 17 il HƏBS CƏZASI

Şəki Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmədə və xuliqanlıqda təqsirləndirilən İlham Mirzəyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Hakim Tural Əfәndizadәnin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 17 il müddətə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 2025-ci ildə iyulun 27-si axşam saatlarında Yevlax rayonunun Çənlibel qəsəbəsi ərazisində baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü İlham Mirzəyev həmin gün qardaşı ilə kredit götürmək məsələsini müzakirə etmək üçün yaşadığı evdən çıxaraq onun evinə gedib. Yolüstü mağazadan iki ədəd pivə və bir şüşə qazlı su alıb. O, pivələri yolboyu içərək boş butulkaları kənara atıb, qazlı su olan şüşəni isə özü ilə saxlayıb.


Qardaşının evinə gedərkən İlham sonradan zərərçəkmiş şəxs qismində tanınan, 1978-ci il təvəllüdlü Habil Kərimovla qarşılaşıb. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi tapança formasında olan alışqanı göstərərək onun işləmədiyini bildirib və Habil Kərimovdan siqaretini yandırmaq üçün alışqan istəyib. Habil Kərimov əvvəlcə narazılıq etsə də, sonradan ona alışqan verərək siqaretini yandırmasına kömək edib.


Bundan sonra İlham Mirzəyev qardaşının evinə gedib. Lakin kredit məsələsində ona kömək edə bilməyəcəkləri bildirildikdən sonra yenidən küçəyə çıxaraq evinə qayıtmaq üçün piyada hərəkət etməyə başlayıb.

Axşam saat 19 radələrində Yevlax şəhərinin 20 Yanvar küçəsində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində hərəkət edən təqsirləndirilən şəxs qarşıdan velosipedini yanında aparan Habil Kərimovu və onunla birlikdə olan başqa bir şəxsi görüb. O, heç bir əsaslı səbəb olmadan tapança formasında olan alışqanı yenidən çıxararaq Habil Kərimova nümayiş etdirib. Həmin vaxt Habil Kərimov yanında olan şəxsə "Buna bax, üstümüzə tapança çıxarır, bizi qorxudur" deyərək təqsirləndirilən şəxsin hərəkətinə etiraz edib.


Sonra Habil Kərimov ona yaxınlaşaraq qolundan tutub küçənin kənarına çəkib və əlindəki tapança formalı alışqanı alaraq yolun kənarına atıb.


İlham Mirzəyev bu hərəkəti özünə qarşı təhqir hesab edib və mübahisə daha da böyüyüb. Bu zaman Habil Kərimov onu özündən uzaqlaşdırmağa çalışarkən təqsirləndirilən şəxsin əlində olan qazlı su dolu şüşə butulka onun sol almacıq nahiyəsinə dəyərək yerə düşüb və sınıb.


İş materiallarına görə, Habil Kərimov sınmış şüşə parçasını götürərək qarşı tərəfi özündən uzaqlaşdırmaq məqsədilə onun sol qoluna və qarın nahiyəsinə zərbə endirib. Nəticədə İlham Mirzəyev qarının ön divarında sıyrıqlar və sol qolunda kəsilmiş yara alıb. Həmin xəsarətlər sağlamlığa zərər vurmadığı üçün onların ağırlıq dərəcəsi müəyyən edilməyib.


Bundan sonra təqsirləndirilən şəxs münaqişəni dayandırmaq əvəzinə yerdən daş parçası götürərək Habil Kərimovun baş nahiyəsinə vurub.


Ardınca isə şalvarının cibində gəzdirdiyi bıçağı çıxarıb. O, xuliqanlıq niyyəti ilə Habil Kərimova ardıcıl bıçaq zərbələri endirib.


Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişin döş qəfəsinin ön hissəsində bir deşilmiş-kəsilmiş yara, həmçinin sağ yanaqdan başlayaraq boynun yuxarı hissəsinə qədər uzanan, dəri, dərialtı toxumalar, əng arteriyası və xarici yuxu arteriyasının kəsilməsi ilə müşayiət olunan ağır kəsilmiş yara aşkarlanıb.


Ekspertiza həmin xəsarətlərin ölümə səbəb olduğunu müəyyən edib.

İttihama görə, təqsirləndirilən şəxs bu hərəkətləri ilə Habil Kərimovu xuliqanlıq niyyəti ilə qəsdən öldürüb.


Məhkəmədə ifadə verən İlham Mirzəyev ona elan olunmuş ittihamlarla razılaşmadığını bildirib. O, hadisə günü dəmiryolu istiqamətindən qardaşının evinə gedərkən Habil Kərimovun iki nəfərlə mübahisə etdiyini gördüyünü, onları sakitləşdirdiyini iddia edib.


İlham Mirzəyevin sözlərinə görə, həmin şəxslər Habil Kərimovun satdığı malların pulunu qaytarmadığını deyiblər və o da yalnız Habilə irad bildirib.


Təqsirləndirilən şəxs qeyd edib ki, sonradan qardaşının evindən qayıdarkən Habil Kərimov arxadan gələrək əvvəl velosipedlə ona çırpılıb, daha sonra isə pivə şüşəsi ilə üzünə və bədəninə xəsarət yetirib.


O, üzərində olan bıçağı yalnız qarşı tərəfi qorxutmaq məqsədilə çıxardığını, Habil Kərimovun isə bıçaqdan yapışaraq özünə xəsarət yetirdiyini iddia edib.


Bundan başqa, İlham Mirzəyev mərhumun başına daşla vurmadığını, həmin zərbəni başqa şəxslərin endirdiyini söyləyib.


Məhkəmə kollegiyası zərərçəkmişin hüquqi varisinin, şahidlərin ifadələrini, ekspertiza rəylərini, hadisə yerinə baxış protokollarını və cinayət işində toplanmış digər sübutları birlikdə qiymətləndirərək təqsirləndirilən şəxsin müdafiə mövqeyini inandırıcı hesab etməyib.


Qərarda qeyd olunub ki, təqsirləndirilən şəxsin Habil Kərimovun özünü bıçaqlaması, intihar etməsi və ya daş zərbələrinin başqa şəxslər tərəfindən vurulması barədə iddiaları iş üzrə toplanmış sübutlarla təsdiqini tapmır.


Məhkəmənin qənaətinə görə, bu izahatlar cinayət məsuliyyətindən yayınmaq və ya məsuliyyəti yüngülləşdirmək məqsədi ilə irəli sürülmüş, işin faktiki halları ilə təkzib olunan müdafiə xarakterli bəyanatlardır.


Araşdırılmış sübutların məcmusu əsasında məhkəmə təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (silah və ya silah qismində istifadə edilən əşyadan istifadə etməklə xuliqanlıq) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyi qənaətinə gəlib.

Kamal Məmmədov

Mənbə: pravda.az