Seyid Camal qəzadan danışdı: “Məni üzən Cəlilabadda hüququn işləmədiyini görməyimdir”

Seyid Camal qəzadan danışdı: “Məni üzən Cəlilabadda hüququn işləmədiyini görməyimdir”

Qarabağ Seyid Ocaqlarının rəhbəri, tanınmış şərqşünas, «Space» telekanalında yayımlanan «İnam» verilişinin aparıcısı Seyid Camal Əzimbəyli həyat yoldaşı ilə birgə Cəlilabad rayonundan Bakıya qayıdarkən avtomobil qəzasına düşüb.

Dünən axşamdan bu xəbər yayılıb və sosial şəbəkələrdə paylaşılıb. Hadisə Əzimbəylilər ailəsinin "Nissan" markalı avtomobili işıqforda dayanarkən baş verib. Dayanmış vəziyyətdə olan avtomobilə arxadan sürətlə gələn avtomobil çırpılıb. Nəticədə S.C.Əzimbəyli və həyat yoldaşı, «Yeni Üfüq» Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli müxtəlif dərəcəli xəsarət alıblar, avtomobil də yararsız hala düşüb, külli miqdarda ziyan dəyib.

Hadisə şahidlərinin sözlərinə görə, qəzanı törədən sürücünün narkotik maddələrin təsirində altında olduğu ehtimal edilir.

S.C.Əzimbəyli ilə əlaqə saxlayıb hadisə barədə ətraflı məlumat aldıq. S. C.Əzimbəyli Cəlilabad rayonuna xeyriyyə aksiyası üçün səfər etdiklərini xatırlatdı və bu qəzadan ağır xəsarət almadan çıxmalarının böyük xoşbəxtlik olduğunu dedi.

S.C.Əzimbəyli avtomobilinə 3 min manatdan artıq ziyan dəydiyini bildirdi.

- Məni üzən nə avtomobilimə dəyən maddi ziyandır, nə də xəsarət almağımız. Məni üzən Cəlilabadda hüququn işləmədiyini görməyimdir. Hadisə baş verib, mən də, Sevinc xanım da sürücülük vəsiqəmizi yol polisinə təqdim edirik. Avtomobilimizə arxadan sürətlə çırpılmış avtomobilin sürücüsündən isə sənəd tələb edilmir. Bizi guya, öz təbirlərincə, «yola verməyə» çalışırlar ki, avtomobil sığortalıdı, dəymiş ziyan ödənəcək. Amma məlum olur ki, heç bir sığorta yoxdur, sürücünün heç sürücülük vəsiqəsi də yoxdur.

Şöbədə də bizə qarşı hörmətsizlik edilir. Bizə deyirlər ki, çıxın dəhlizdə gözləyin. Özləri kimiqləsə telefonda danışırlar, məlum olur ki, sürücülük vəsiqəsi olmadan avtomobili darə edən şəxsi Cəlilabadda narkobaron kimi tanınan bir şəxs mühafizə edir. Qəza törətmiş sürücüyə hələ tənə də vururlar ki, neçə dəfə səni xilas edəcəyik?! Biz ictimaiyyətdə az-çox tanınan insanlarıq, bu cxübaşımıza bu cür qanunsuzluqla üzləşiriksə, sabah hansısa sıravi, ictimaiyyətdə tanınmayan bir vətəndaş bu halla üzləşsə, necə olacaq? Deməli, onun haqları tapdanacaq.

Hələ utanmaz-utanmaz bizə deyirlər ki, elə bilin, bu da xeyriyyə aksiyasıdı, şəhidə xidmət edirsiniz. Özünüz ziyanı qarşılayın. Bu dərəcədə sayğısızlıq göstərirlər. Avtomobili qanunsuz idarə edən və bir narkobaron tərəfindən də himayə olunan birisinin şəhidlə eyniləşdirilməsi heç bir əxlaqa sığmır. Buyursun, hüquq-mühafizə orqanları bizə dəymiş ziyanın hüquqi müstəvidə ödənməsini təmin etsinlər.

S.C.Əzimbəyli ölkə Prezidenti cənab İlham Əliyevə və daxili işlər naziri Ramil Usubova müraciət etdiyini dedi:

- Mən cənab Prezidentə müraciət edirəm və həmçinin daxili işlər naziri Ramil Usubova da müraciət edirəm ki, mənə və ailəmə qarşı edilmiş həqarətin qarşısı alınsın. Biz Prezidentimizin siyasi kursunu bölgə-bölgə, ev-ev təbliğ edən insanlarıq. Amma Cəlilabad kimi rayonda hüququn aliliyi pozulursa, bu vətəndaşları dövlətdən incik salmağa yönəlmiş addımdır. Mən inanıram ki, cənab Prezident də, nazir də bu məsələyə lazımi reaksiya verəcəklər.

Belə insanların qanunsuz hərəkətlərinin qarşısı alınmadıqca, sabah, biri gün daha dəhşətli qəza törədib, qanundan yayınacaqlar.

 

Məlahət Rzayeva

Mənbə: www.sherg.az