Yevlaxda körpüyə girməyə hazırlaşan avtomobilin üzərinə ağac aşdı

Təbiətin şıltaqlığı bu gün Yevlax şəhərində az qala insanların xəsarət alması ilə nəticələnə bilərmiş.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.

Yevlax rayon sakini Vüsal Ələkbərov

Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:

Yevlaxda üzərinə ağac aşan “Ford” markalı yük avtomobili

“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.

Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Ümumdünya Meteorologiya Təşkilatı 2020-ci ilin meteomüşahidə tarixində üç ən isti illərdən biri olduğunu təsdiqləyib

SONRAKI XƏBƏR

Şimali Kiprin qurucu dövlət başçısı Rauf Denktaş anıldı