Fransanın paytaxtı Parisdə üç qadının bıçaqlandığı hadisə ilə bağlı bir nəfər saxlanılıb. Hücum zamanı iki mətbəx bıçağından istifadə etdiyi bildirilən şübhəli ətrafdakıların müdaxiləsindən sonra zərərsizləşdirilib.
Hadisə iyulun 27-də Parisin Porte de Klişi ərazisində, yerli vaxtla saat 11:30 radələrində qeydə alınıb.
19, 24 və 36 yaşlarında üç qadın xəstəxanaya çatdırılıb. Onlardan ikisinin ağır yaralandığı, lakin həyatlarının təhlükədə olmadığı bildirilib. Yerli məlumatlara görə, yaralanan qadınlardan biri hamilədir.
Hadisə zamanı şübhəlinin hər iki əlində iri mətbəx bıçağı olduğu və qadınlara hücum etdiyi görüntülənib. Ətrafdakı şəxslər onun qarşısını almaq üçün müdaxilə ediblər.
Bildirilib ki, şəxslərdən biri hücumçunun üzərinə çamadan ataraq onu silahlarından birindən məhrum edib. Daha sonra digər insanlar da müdaxilə edərək onu yerə yıxıb və hərəkətsiz vəziyyətə gətirib. Hadisə yerinə gələn polis əməkdaşı isə şübhəlini rəsmi olaraq saxlayıb.
Şübhəlinin saxlanılarkən “Allah mənə bunu etməyi əmr etdi” dediyi bildirilir. Lakin Fransa rəsmiləri bu ifadənin hücumun motivini müəyyənləşdirmək üçün kifayət etmədiyini vurğulayırlar.
Daxili işlər naziri Loran Nünez şübhəlinin hadisə zamanı verdiyi açıqlamaların “ziddiyyətli” olduğunu bildirib və motivlə bağlı tələsik nəticə çıxarmamağa çağırıb. Şübhəlinin şəxsiyyəti də hadisə zamanı dərhal təsdiqlənməyib.
Fransanın Milli Terrorla Mübarizə Prokurorluğu hadisəni diqqətdə saxlayır və onun terror işi kimi araşdırılıb-araşdırılmayacağı qiymətləndirilir. Hazırda isə hücumun motivinin terror, dini ekstremizm, psixi vəziyyət və ya başqa səbəblə əlaqəli olduğu barədə rəsmi nəticə yoxdur.
Mənbə: qafqazinfo.az