Qar yağsaydı, xəstəliklər azalardı

Qar yağsaydı, xəstəliklər azalardı

"Amma bu el deyimi 21-ci əsrdə artıq məna yükünü itirib"

"Artıq təsdiqlənib ki, koronavirus soyuq havada təsirini azaltmır, əksinə, artırır. İngiltərə koronavirusun formasını dəyişmiş, mutasiyaya uğramış növü ilə üz-üzədir"

Bu gün havanın kəskin dəyişəcəyi, gecəyə doğru sulu qar, qar yağacağı, havanın temperaturunun aşağı düşəcəyi gözlənilir. Milli Hidrometeorologiya Departamenti hava ilə bağlı xəbərdarlıq edib artıq. Qarın yağacağı xəbəri isə çoxlarını sevindirir; el məsəlinə əsaslanaraq – soyuqda, qarda mikroblar ölür. Əhali də koronavirusdan xilas olmağın yolunu qarın yağmasına bağlayıb.

Səbirsizliklə ilk qarı gözləyirlər. Mütəxəssislər isə bədbin danışır: “çox da sevinməyin. Qar koronavirusa təsir etmir”. Ankara Xəstəxanasının professoru, doktor Hakan Oğuztürk Türkiyənin ATV proqramına müsahibəsində qar və soyuq havanın koronavirusa qarşı təsirsiz olduğunu deyib. Məlumdur ki, bir neçə gündür Türkiyədə hava soyuyub, İstanbul, Ankarada güclü qar yağır. Həkim də bizim kimi, orada da qara sevinənlərə xəbərdarlıq edir ki, boşuna ümidlənməyin. Koronavirus soyuq havanı “sevir”.

“Soyuqlar gəldi, mikroblar niyə qırılmadı” deyə şübhə edənlər bilsin ki, soyuq havada viruslar daha da güclənir, yoluxma riski daha da artır, mənfi təsirləri də çoxalır.

Bunun əsas səbəbi yuxarı-tənəffüs orqanlarının soyuq havalara həssas olmasıdır. Adi ehtiyatsızlıq koronavirusa yoluxmaya səbəb ola bilər. Təcili Tibbi Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov da türkiyəli həmkarının narahatlığını bölüşdüyünü dedi:

- Yuxarı tənəffüs yolları xəstəlikləri mövsümi xarakter daşıyır. Bu xəstəliklər payız-qış aylarında özünü daha çox göstərir. Kəskin respirator xəstəliklərin məhz payız-qış aylarında çoxalması iqlim anomaliyalarının doğurduğu immun zəifliyi ilə əlaqəlidir. Bizim əhalidə belə bir deyim var ki, qar yağsaydı, xəstəliklər azalardı, mikroblar ölərdi və sairə.

Amma bu el deyimi 21-ci əsrdə artıq məna yükünü itirib. Artıq təsdiqlənib ki, koronavirus soyuq havada təsirini azaltmır, əksinə, artırır. İngiltərə koronavirusun formasını dəyişmiş, mutasiyaya uğramış növü ilə üz-üzədir. Amma İngiltərədə qarlı hava şəraiti hökm sürür. Yəni qarlı, şaxtalı havanın koronavirusa qarşı təsiri yoxdur.

Ümumiyyətlə, qlobal iqlim dəyişiklikləri anomaliyalar insanın immun zəifliyinə səbəb olur və nəticədə virus infeksiyaları şiddətlənir. Ona görə də əhali bunları nəzərə alıb mümkün qədər özünü qorumalıdır. Çalışmalıdır ki, immunitet zəifləməsin. Bədəni möhkəmləndirəcək qidaları mümkün qədər qəbul etmək, idmanla məşğul olmaq, orqanizmi möhkəmləndirmək lazımdır.

Soyuqlayanlar, xəstələnənlər bacardıqca çox maye qəbul etməlidir. Bədəni zəiflətmək olmaz. Onda orqanizm xəstəliyə müqavimət göstərə bilmir. Əlbəttə ki, həkim müayinəsi mütləqdir. Müayinənin nəticəsi olaraq da müalicə kursu təyin edilməli və ona əməl edilməlidir.

 

Uşaqları xüsusilə qorumaq lazımdır, çünki uşaqlar yuxarı tənəffüs yolları xəstəliyinə tez yoluxur. Körpə, uşaq orqanizmi hələ tam formalaşmayıb. Viruslara, infeksiyalara həssasdır.

Daimi məsləhətlər həmişəki kimi qüvvədədir. Virusa yoluxmamaq üçün immunsistemi gücləndirmək, əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər uzaq olmaq, ev şəraitində müalicə olunmaq, tibbi maskalar taxmaq, evə gələndə əlləri sabunla yaxşı-yaxşı yumaq, şəxsi gigiyenaya diqqət etmək lazımdır. Virus infeksiyalarının önünün kəsilməsi bu şərtlərə bağlıdır.

Mənbə: sherg.az