ABŞ-nin Vaşinqton ştatının şərqində tüğyan edən meşə yanğınları nəticəsində 600-ə yaxın yaşayış evi, müəssisə və müxtəlif təyinatlı bina tamamilə məhv olub.
Bu barədə “The Associated Press” agentliyi məlumat yayıb.
Yerli hakimiyyət orqanları alovun yayılmasının qarşısının alındığını bəyan ediblər. Yanğın təhlükəsi səbəbindən 5 minə yaxın yaşayış evi təxliyə olunub. Alov ştatın ikinci ən böyük şəhəri olan Spokan ətrafında 21 kvadratkilometr ərazini bürüyüb.
Rəsmi məlumatlara görə, regionda meşə yanğınlarına ildırım çaxması səbəb olub. Spokan rayonunda eyni vaxtda üç müxtəlif alov ocağı qeydə alınıb.
Xatırladaq ki, avqustun 1-də ştatda fövqəladə vəziyyət elan edilib, Milli Meteorologiya Xidməti isə Vaşinqtonun şərqindəki vəziyyəti “xüsusilə təhlükəli” kimi qiymətləndirib. Fövqəladə Hallar Xidmətinin əməkdaşları qeyd ediblər ki, havanın quraq keçməsi və ərazinin relyefi yanğınla mübarizəni ciddi şəkildə çətinləşdirir.
Mənbə: qafqazinfo.az