Abşeronda vaksinasiyaya start verildi

Abşeronda vaksinasiyaya start verildi

Abşeron rayonunda COVID-19 virusuna qarşı vaksinasiyaya start verilib. Yanvarın 19-da, günün ikinci yarısından başlayaraq Xırdalan şəhərində, Novxanı, Fatmayı, Qobu və Masazır kəndlərində müraciət edənlərin peyvənd olunması həyata keçirilir.

Teleqraf.com xəbər verir ki, tibb məntəqələrinin həyətində avtomobillər üçün geniş parklama meydanı mövcuddur. Məntəqələrin kandarından içəri daxil olan kimi elə qapıdaca tibb bacısı öncə təmassız termometrlə hərarəti yoxlayır, daha sonra əllər xüsusi məhlullarla dezinfeksiya edilir. Sonra vaksinasiyaya gələn gözləmə otağına dəvət olunur. Burada ara məsafəni gözləmənin vacibliyini göstərən nişanlar da var. Zalda oturacaqların qarşısına qoyulmuş masalarda xüsusi qablaşdırılmış sular və hətta peyvənd barəsində kitabçalar mövcuddur. Hər kəs bu kitabçalardan lazımi informasiyanı asanlıqla əldə edə bilər.

Rayonda ilk peyvəndlənən şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktor müavini Fuad Məmmədov oldu. Tibb bacısı onun hərarətini ölçəndən sonra əllərini xüsusi məhlulla dezinfeksiya etdi. Sonra “Qeydiyyat otağı”na aparılan F.Məmmədovun təzyiqi ölçüldü, onunla profilaktik söhbətlər edildi. Yalnız bundan sonra müraciət edən şəxs peyvənd otağına aparıldı.

Tibb bacısının daimi nəzarəti altında olan F.Məmmədov 30 dəqiqə gözləmə otağında saxlanıldı. Bundan sonra müraciət edən şəxs özünü yaxşı hiss etdiyi üçün getməsinə icazə verildi.

Məlumat üçün bildirək ki, rayon üzrə ümumilikdə 56 nəfər tibb işçisi həmin gün peyvəndlənib. Peyvənd olunanların yaşına gəldikdə isə qeyd edək ki, onlar 50-65 yaşlı tibb işçiləridir. Peyvənd olunan insanların heç birində yan təsirlərə rast gəlinməyib.

Mənbə: teleqraf.com