Alıcı ilə satıcı birbaşa əlaqə saxlamır

Alıcı ilə satıcı birbaşa əlaqə saxlamır

Ona görə internet üzərindən narkotikanın alveri ilə məşğul olanları yaxalamaq çətindir

"Təəssüf ki, texnologiyaların inkişafı cinayətkarlığın da inkişafına təkan verir. Cinayətkarlar da öz məkrli məqsədlərinə çatmaq üçün texnologiyanın verdiyi imkanlardan bəhrələnirlər"

Sosial şəbəkələrdə narkotik maddələrin nəinki təbliğatı, satışı da təşkil olunur.

Narkotik maddə istifadəçilərinin, həmçinin satıcıların müxtəlif videolarının internet üzərindən yayılmasına qarşı hüquq-mühafizə orqanları mübarizə aparsa da, bir sıra çətinliklər də yaranır. DİN-in məlumatında bildirilir ki, daxili işlər orqanları tərəfindən cinayətkarlığın bütün forma və təzahürlərinə, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə diqqət mərkəzində saxlanılır.

Sosial şəbəkələrlə və digər internet informasiya resurslarından istifadə etməklə narkotik vasitələrin onlayn dövriyyəsi üzrə bir sıra faktlar əsasında şübhəli bilinən şəxslər əməliyyat yolu ilə tutularaq istintaqa təhvil veriliblər. Onlardan ümumilikdə 168 kiloqramdan artıq – 15 kiloqram 322 qram marixuana, 131 kiloqrama yaxın heroin, 10 kiloqram tiryək və digər psixotrop tərkibli, insan sağlamlığı üçün təhlükəli narkotik vasitələr götürülərək qanunsuz dövriyyədən çıxarılıb. Qeyd edilib ki, insan həyatını və sağlamlığını təhdid edən neqativ hallara qarşı daxili işlər orqanları tərəfindən bütün istiqamətlərdə kompleks profilaktiki tədbirlər davam etdirilir.

Amma internetin imkanlarından qanunsuzluq, cinayət xarakterli əməllərin təbliğatı üçün istifadə edənlər var təəssüf ki. Bəziləri “İnstagram” üzərindən paylaşımlar edir, narkotik maddələrin təbliğatını aparırlar. Müsbət olansa budur ki, bu cür əməllər hüquq-mühafizə orqanları tərəfindən aşkarlanır və buna cəhd edənlər müəyyənləşdirilərək zərərsizləşdirilir.

Polkovnik Mahmud Hacıyev “Şərq”ə açıqlamasında texnologiyaların inkişafının cinayətkarlığın inkişafına da yol açdığını dedi:

- Təəssüf ki, texnologiyaların inkişafı cinayətkarlığın da inkişafına təkan verir. Cinayətkarlar da öz məkrli məqsədlərinə çatmaq üçün texnologiyanın verdiyi imkanlardan bəhrələnirlər. Hüquq-mühafizə orqanları cinayətkarlıqla mübarizə aparır, cinayətkarların yaxalanmasına nail olur. Amma bəzi çətinliklər də ortaya çıxır.

Bu da əsasən onlayn satışla bağlıdır. Narkotiklərin internet üzərindən onlayn satışı ilk dəfə Rusiyada başlayıb. Rusiya hüquq-mühafizə orqanları da ilk vaxtlar cinayətkarları müəyyənləşdirməkdə çətinlik çəkirdi.

Amma getdikcə texnoloji imkanlarla buna nail oldular. Azərbaycanda belədir. İlk vaxtlar bu cür cinayətkarları müəyyənləşdirmək çətin olsa da, artıq hüquq-mühafizə orqanları da bu sahədə peşəkarlaşıb. Onlayn satışda satanı müəyyənləşdirmək ona görə çətindir ki, alıcı ilə satıcı birbaşa əlaqə saxlamır. Alanı ifşa etmək həmişə asandır və bu, ikinci dərəcəli hesab olunur.

Çünki alan, sadəcə alıcı olduğunu, asılılıq daşıdığını deyir. Əsas məsələ satanı ələ keçirməkdir. Alqı-satqı real şəkildə, birbaşa baş verdikdə, alanla birlikdə satan da ələ keçir. Onlayn satış zamanı isə alıcı satıcını tanımır. Onlayn sistemdə yalnız satış yeri, malın dəyəri göstərilir. Alan satanı tanımadığından ikincinin ələ keçirilməsi bir qədər çətin olur. Buna baxmayaraq hüquq-mühafizə orqanları səriştəli çalışır. Texnologiyanın inkişafının belə mənfi tərəfləri də var. Texnologiyanın inkişafı cinayətkarlığın metodlarını da dəyişir.

M.Hacıyev bildirdi ki, belə zərərli paylaşımlarla bağlı hüquq-mühafizə orqanları dərhal hərəkətə keçməli və cinayətkarların ifşa olunmasına çalışmalıdrılar:

- İnternet üzərindən narkotik maddə təbliğatı xüsusilə gənclərin, yeniyetmələrin əxlaqına, təlim-tərbiyəsinə mənfi təsir göstərən amildir. Hesab edirəm ki, Daxili İşlər Nazirliyi də, Dövlət Təhlükəsizlik Xidməti də dərhal hərəkətə keçib bu insanları aşkara çıxarmalı və bu işin arxasında hansı məkrli məqsəd dayandığını da müəyyənləşdirməlidir.

Mənbə: sherg.az