“Cavid-2016” tikinti şirkəti övladı hərbi xidmətdə olan tək qadını ev-eşiksiz qoyub?

“Cavid-2016” tikinti şirkəti övladı hərbi xidmətdə olan tək qadını ev-eşiksiz qoyub?

Lamiyə Şahbazova şirkət rəhbərliyilə danışıqlar yoluyla problemi həll edə bilmədiyinə görə məhkəməyə üz tutub

Bakının Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 21/18 ünvanındakı mənzilin sahibi Lamiyə Şahbazova deyir ki, yaxınlıqda hündürmərtəbəli binaların tikintisi onu ev-eşiksiz qoyub. Tikinti nəticəsində evin damı uçub, qaz, su və işıq sayğacları yararsız vəziyyətə düşüb, kommunal xidmət yoxdur.

Yeganə övladı hərbi xidmətdə olan tək qadın mənzilində yaşayışın mümkün olmadığını, bu üzdən xeyli vaxtdır qohum-əqrəbanın evində qaldığını bildirir: “Mənim yeganə övladım bu gün də vətənə görə savaş meydanındadır. Amma “tikinti şirkətinin rəhbəri öz pulundan, qohum əqrəbasının gücündən istifadə edərək, vətənin keşiyində duran əsgərin evini anasının başına uçurdu...”

L.Şahbazovanın evi ikimərtəbəli binanın ikinci mərtəbəsində yerləşir. Onun sözlərinə görə, evindən 3-4 metr aralıda “Cavid-2016” MMC hündürmərtəbəli bina inşa edir. Nəticədə evinin pəncərəsi bağlanıb: “O bina evə düşən işığın, gələn havanın qarşısını kəsib. Hündürmərtəbəli evin tikintisi o qədər yaxınlıqda gedir ki, bizim evi də qəzalı vəziyyətə saldı. Deyirəm ki, ikiotaqlı, təmirli mənzil ver, çıxım gedim. Onu da eləmir. Başımıza hər cür oyun açdılar. Bizdən icazəsiz evin üstünü sökdülər.

Yağış evə tökülürdü, nə qədər əşya məhv oldu. Hər yerə müraciət etdim – Fövqəladə Hallar Nazirliyinə, Nərimanov Rayon İcra Hakimiyyətinə, Daxili İşlər Nazirliyinin “102” xidmətinə... Nərimanov rayonundakı 18-ci bölmədən gəldilər, dedilər ki, “şirkətlə dil tapın, razılaşın”. Yəni, özünüz neynirsiz, eləyin. Kommunal xidmətlər olmayan, qəzalı vəziyyətə salınmış evdə kim yaşaya bilər ki, tənha qadın da yaşasın?! Keçirdiyim əsəbdən, stresdən xəstəlik tapdım...”

Lamiyə Şahbazovanın anası Ceyran Şahbazova qızının səhhətində problemlər yaranandan sonra “Cavid-2016” şirkətinin rəhbəri Xudu Rzayevin yanına gedib. Ceyran Şahbazova Meydan TV-yə bildirib ki, şirkətin İqbal adlı işçisi onu Xudu Rzayevlə görüşməyə qoymayıb: “Dedi ki, “get, hara şikayət eləyirsən, elə”. Dedim ki, heç olmasa, kirayə pulunu verin, tənha qadındır, qohumların evində qalır, xeyri olmadı...”

Lamiyə Şahbazova şirkət rəhbərliyilə danışıqlar yoluyla problemi həll edə bilmədiyinə görə məhkəməyə üz tutub. “Cavid-2016” MMC-yə qarşı maddi və mənəvi təzminat tələbilə iddia qaldırıb. Nərimanov Rayon Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində “Cavid-2016” şirkətinin qanunsuzluğu nəticəsində ona dəymiş maddi ziyana görə 100 min, mənəvi ziyana görə isə 150 min manat təzminat tələb edib.

Prosesin gedişində Lamiyə Şahbazovanın vəkili ərizə verib ki, yekun məhkəmə qərarı çıxarılana qədər (gələcəkdə qətnamənin icrası mümkün olsun deyə), “Cavid-2016” şirkətinə yekun qərar çıxarılana qədər sözügedən ərazidə tikinti işləri aparmaq qadağan edilsin. Bu ərizə qismən təmin edilib. Hakim Solmaz Ədilova qərar çıxarıb ki, işə mahiyyəti üzrə baxılıb həll olunana qədər şirkət yalnız Lamiyə Şahbazovanın evinə aid hissədə iş aparmasın.

Ceyran Şahbazova deyir ki, şirkət nə qanunları, nə Konstitusiyanı sayır: “Bəs deyirlər, hamı qanun qarşısında bərabərdir, hanı bu bərabərlik? Eşitdiyimizə görə Xudu Rzayev həm öz qardaşlarına, həm də Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyevə güvənib belə davranır, adamların başına oyun açır. Qardaşlarından biri hakimdir, biri də “bandotdel”in rəisidir. Məhkəmə qərar çıxarandan sonra daha da qəzəbləndilər...”

“Cavid-2016” MMC-nin direktoru Sərdar Rəfiyev isə bildirib ki, sözügedən binanın birinci mərtəbəsində Malakan dini icmasının ibadət evi yerləşir. Onun üstündəki dörd evdən biri də Lamiyə Şahbazovaya məxsusdur. Dini icmanın üzvləri köhnə ibadət evində qalmağa üstünlük verərək, şirkətlə köçmək barədə müqavilə bağlamaq istəməyib. Bu üzdən həmin ikimərtəbəli tikili söküntü üçün qəbul edilməyib, ikinci mərtəbədəki mənzillərə də toxunulmayıb.

Direktor da təsdiqləyir ki, ikinci mərtəbədəki mənzillər yararsız vəziyyətə düşüb: “Həm dini icmanın, həm də oradakı sakinlərin xahişini nəzərə alıb biz həmin mənzilləri və binanı öz hesabımıza təmir edirik. Gördüyümüz bu işlərin nəticəsi olaraq, biz həm Malakan dini icmasından, həm də 4 mənzillərin sahiblərindən ancaq təşəkkür gözləyirdik.

Şahbazova Lamiyədən başqa digər şəxslər onların arzularını öz imkanlarımız hesabına yerinə yetirdiyimizə görə həqiqətən bizə öz təşəkkürlərini bildirirlər. Lamiyə xanımın özü və yaxınları üzərimizə götürdüyümüz öhdəliklərin çərçivəsindən çox-çox kənara çıxır. İstismara yararsız mənzili üçün bir dəfə 100 min manat, bir dəfə də ümumi sahəsi 70 kvadrat olan mənzil istədi. Biz isə onlara 27 kvadrat metrlik mənzilinin əvəzində 42 kvadrat metrlik mənzil verməyə hazır olduğumuzu bildirdik.

Bundan sonra Lamiyə Şahbazova 100 min manatdan 50 min manata endi. Rəqəmlərə baxanda Lamiyə Şahbazovanın bizim hesabımıza varlanmaq istəyi aydın başa düşülür. Biz həmin binanı söküntü üçün qəbul etməmişik. Ona görə də həmin binanı sakinlərin istəyinə uyğun təmir edib, onların istifadəsinə verəcəyik”.

“Cavid-2016” MMC “Minera” şirkətlər qrupunun daxildir. Xudaqulu Rzayevin rəhbərlik etdiyi bu qrupa “Evrika” liseyi və digər müəssisələr də aiddir.

Xudaqulu Rzayevin qardaşlarından Əbülfət Rzayev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəhbərlik edir. Digər qardaşı Abbas Rzayev isə Binəqədi Rayon Məhkəməsinin hakimidir.

Xudaqulu Rzayev ötən ilin fevralında keçirilən parlament seçkilərində 18 saylı Nərimanov-Nizami seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi olub. Həmin dairədən Rasim Musabəyov qalib elan edilib.

Mənbə: milletinsesi.info