QAZAXISTANDA İKİ GÜNDƏ 700 ETİRAZÇI HƏBS EDİLİB

QAZAXISTANDA İKİ GÜNDƏ 700 ETİRAZÇI HƏBS EDİLİB

Qazaxıstanda prezident seçkilərindən sonra artıq ikinci gündür Alma-Atada seçkilərin ədalətsiz olduğunu hesab edənlərin spontan etiraz aksiyaları davam edir. Polis iştirakçıları saxlayıb. Bu barədə “DW” portalının Alma-Atadakı müxbiri Madiya Torebayeva yazır.

İyunun 10-dan 11-nə keçən gecə böyük bir qrup Alma-Atada “Alatau” ənənəvi incəsənət teatrının yaxınlığında, ardınca daxili işlər departamentinin binasının qarşısında toplaşıb. Polis qüvvələri və xüsusi təyinatlılar dərhal ora göndərilib. İyunun 9-u ölkədə baş tutan prezident seçkilərinin nəticələrinə etiraz edən bu insanlar “Oyan, Qazaxıstan!”, “İrəli, Qazaxıstan” şüarları ilə yürüş təşkil ediblər. Yoldan keçənlər insanlar da onlara qoşulub. Şahidlərin sözlərinə görə bunun ardınca polis dərhal etirazçıları saxlamağa başlayıb. Hadisə maskalı insanların zorakı davranışı ilə müşayiət olunub.

Seçkilərin ədalətsiz olduğunu hesab edən şəxslərin spontan etirazları iyunun 9-u başlayıb. Onlar əsasən paytaxt Nur-Sultanda və ölkənin ən böyük şəhəri Alma-Atada keçirilib. Və hüquq müdafiəçilərinin məlumatına görə etirazlar dinc aksiya iştirakçılarının kütləvi şəkildə saxlanılması ilə müşahidə olunub.

Səsverməni boykot etmək üçün iyunun 9-u küçələrə çıxan insanlar, jurnalistlər və sadəcə təsadüfən yoldan keçən piyadaları güc strukturlarının əməkdaşları, öz təbirlərincə desək, etirazçıların şəxsiyyətini müəyyənləşdirmək üçün güc tətbiq etməklə saxlayıblar. Polisin məlumatına əsasən ümumilikdə Nur-Sultan və Alma-Atada təxminən 500 nəfər həbs edilib, onlardan 400-ü ilə bağlı inzibati protokol tərtib edilib. İkinci gün, iyunun 10-u 200-ə yaxın insan saxlanılıb, 150 nəfər haqqında inzibati protokol tərtib edilib.

Hüquq müdafiəçiləri bildirir ki, həbs olunanları 10 saatdan çox polis şöbəsində saxlayıblar, onlara su verməyiblər, qohumlarına xəbər etməyiblər. Bu da kobud münasibət kimi qiymətləndirilir. Qazaxıstanın Beynəlxalq İnsan Hüquqları və Qanuna Riayət Bürosunun (QBİHQRB) əməkdaşları xəbər verib ki, polis Alma-Atada hüquq müdafiəçisi Daniyar Hasenovu, şair Rinat Zaitovu və “Oyan, Qazaxıstan” yeni gənclər hərəkatının fəalı, jurnalist Asem Japişevanı həbs edib.

İyunun 11-i səhər saatlarında yayılan rəsmi məlumatda Alma-Ata polis departamenti baş verənlərlə bağlı öz versiyasını səsləndirib. Polisin məlumatında deyilir ki, etirazçılar bir neçə qrupa bölünüb. Bəziləri şəxsi avtomobillərində, üç-dörd cərgə düzülərək, aşağı sürətlə hərəkət edib, siqnal verə-verə demək olar avtonəqliyyatın hərəkətini iflic vəziyyətə salıblar.

Başqaları hərəkətə maneçilik törətməklə, qəza vəziyyəti yaradıblar. Dağılmaq tələbinə məhəl qoymayan etirazçılar polisə mqavimət göstərdikləri üçün saxlanılıblar.

QBİHQRB-in əməkdaşı Andrey Qrişinin sözlərinə görə etiraz aksiyalarını və 10-11 iyunda etirazçıların saxlanılmasını prezident seçkiləri günü baş verənlərin qalığı kimi nəzərdən keçirmək olar. “İnsanlar özlərini aldadılmış hiss etdikləri üçün küçələrə çıxıblar. Onlar hirslərini bir yolla çölə çıxarmalı idilər. Gecə və iyunun 11-i səhər saatlarında baş verənlər isə daha çox spontan etirazdır, ümumilikdə ölkədəki vəziyyəti xarakterizə edir. Bu, onu göstərir ki, xalq yorulub və öz narazılığını ifadə etmək qərarına gəlib”, - deyə Qrişin nəşrə açıqlamasında bildirib.

Onun fikrincə, bütün bunlar polis tərəfindən nəzarətin gücləndirilməsinə gətirib çıxarıb. Hazırda polis əməkdaşları Alma-Ata şəhərində küçələrə keşik çəkir. “Bunu gözləmək lazım idi. Özü də iyunun 12-i keçiriləcək andiçmə mərasimi ərəfəsində. Aydındır ki, polisə belə bir tapşırıq verilib: hər yerdə sakitlik olmalıdır. Elə insanların özləri də qorxub”, - deyə hüquq müdafiəçisi əlavə edib.

Qrişinin həmkarı Andrey Sviridov portala bildirib ki, inzibati məhkəmə binasında öz oğlunu axtaran tanış publisist qadınla rastlaşıb: “O deyirdi ki, oğlu gecə işdən evə qayıdarkən mitinq iştirakçıları ilə birgə həbs edilib. Avtomobili cərimə meydançasında tapılıb. Ancaq onun harada - hansı şöbədə, hansı təcridxanada olduğu məlum deyil”.

Sərt nəzarətə baxmayaraq, hüquq müdafiəçiləri ölkədə spontan etirazların davam edəcəyini istisna etmir. Hələlik isə iyunun 11-i hökumət yenidən sosial şəbəkələrə girişə qadağa qoyub. Ölkədə mobil rabitə fasilələrlə işləyir.

Mənbə: www.xpressa.net