Fars: Hörmüz boğazının şimal və cənub dəhlizləri ləğv ediləcək

Fars: Hörmüz boğazının şimal və cənub dəhlizləri ləğv ediləcək

İran və Oman arasında aparılan danışıqlara əsasən, müəyyən müddət ərzində Hörmüz boğazına giriş İran sahillərinə yaxın şimal dəhlizi, çıxış isə Oman sahillərinə yaxın cənub dəhlizi vasitəsilə həyata keçiriləcək.

Bu barədə “Fars” agentliyi İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, müəyyən olunmuş müddət başa çatdıqdan sonra şimal və cənub dəhlizlərindən keçid dayandırılacaq, bütün hərəkət orta dəhliz üzərindən təşkil olunacaq.

Fərq ondadır ki, gəmilərin giriş hissəsi İranın, çıxış hissəsi isə İran və Omanın birgə idarəçiliyi ilə həyata keçiriləcək.

Mənbə qeyd edib ki, boğazdan keçid üçün müəyyən edilən rüsumlar müxtəlif xidmətlər üçün ödəniş şəklində hesablanacaq.

Mənbə onu da vurğulayıb ki, İran və Oman arasında yüklərin dəyərinin faizi ilə bağlı (7 və ya 3 faizlik tarif məsələsi) fikir ayrılığı barədə yayılan məlumatlar düzgün deyil. Onun sözlərinə görə, gəmilərdən alınacaq ödəniş təmin edilə bilən xidmətlərin həcmi də daxil olmaqla bir sıra amillərdən asılı olacaq.

Sığorta, yanacaq doldurma, ekoloji xidmətlər və buna bənzər xidmətlər gəmilərin haqqını ödəməli olduğu xidmətlər sırasındadır.

Mənbə: apa.az