Evdə yanğın baş verərsə, nə etməliyik? - FHN rəsmisi ilə MÜSAHİBƏ + FOTO

Evdə yanğın baş verərsə, nə etməliyik? - FHN rəsmisi ilə MÜSAHİBƏ + FOTO

Payız-qış mövsümündə insanların məişət qayğıları daha da artır. Havalar soyuduğundan ilk növbədə mənzillərin, iş yerlərinin isidilməsi məsələsi gündəmə gəlir. Doğrudur, son illər Bakıda, respublikamızın digər iri şəhərlərində əksər yaşayış binaları mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz olunub. Lakin bütün binalarda belə deyil. Ona görə də bəzi yaşayış binalarında, xüsusən fərdi evlərdə mənzillərin isidilməsi üçün elektrik və qaz cihazlarından, eləcə də müxtəlif yanacaqla işləyən sobalardan istifadə edilir. Əlbəttə, bütün bunlar məişət cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına vətəndaşlar tərəfindən əməl olunmasına daha çox məsuliyyət tələb edir.

Respublika ərazisində 2019-cu və 2020-ci illər ərzində qeydə alınan yanğınlar müqayisəli şəkildə təhlil edilib və nəticədə ötən il qeydə alınan yanğın hadisələrinin sayında ciddi azalmaların olduğu müəyyənləşib.

Bəs vətəndaşlar qış mövsümündə bu proseslərə məsuliyyətlə yanaşırmı, neft lampalarından, sobalardan istifadə zamanı təhlükəsizlik tədbirləri görürlərmi?

Oxu.Az-ın bu və digər suallarını FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev cavablandırıb.

- Yanğınların əksəriyyəti elektrik təsərrüfatında qeydə alınır. Aparılan monitorinqlər bu yanğınların əsas səbəblərini müəyyən edə bilirmi?

- Elektrik təsərrüfatında yanğınlar əsasən üç səbəbdən - artıq yüklənmə, qısaqapanma və yüksək keçirici müqavimətdən baş verir. Yanğına səbəb olan əsas amillərdən biri elektrik dövrəsinin artıq yüklənməsidir. Belə ki, elektrik xəttindən cərəyan keçərkən hərarət əmələ gəlir. İşlədiləcək məişət elektrik cihazlarının nominal gücünə uyğun elektrik naqilləri seçilməlidir. Əks halda elektrik naqili həddindən artıq qızır. Bu da naqilin izolyasiyasının öz keyfiyyətini tədricən itirməsi ilə nəticələnir.

Təbii ki, bu da öz növbəsində elektrik təsərrüfatında qəza yaranmasına və yanğın baş verməsinə gətirib çıxarır. Belə hal bir cərəyan yuvasına bir neçə elektrik cihazı qoşulduqda da baş verə bilər. Digər səbəb isə qısaqapanmadır. Bu izolyasiya olmayan və ya izolyasiyası zədələnmiş naqillərin bir-birinə toxunması nəticəsində baş verir. Naqillər qızdığı üçün metal damarlar əriyərək qığılcım yaradır. Qısaqapanma baş vermiş hissənin yaxınlığında yana bilən konstruksiyalar dərhal alışır. Bir də var tez-tez rastlaşdığımız elektrik şəbəkəsində yüksək keçirici müqavimətin yaranması ilə bağlı baş verən yanğınlardır. Bu naqillərin sonluqlarının birləşdirilməsi xüsusi bərkidicilərlə həyata keçirilmədikdə, həmçinin nasaz elektrik yuvası və vilkasında olan boşluqlar nəticəsində yaranır. Vətəndaşlar bilməlidir ki, qısaqapanma və həddən artıq yüklənmə nəticəsində mənzillərdə baş verəcək yanğınların qarşısını almaq üçün müəyyən yükə hesablanmış əriyən qoruyucu və ya avtomatik açar quraşdırılmalıdır. Qısa qapanma və ya həddən artıq yüklənmə olduqda qoruyucunun əriyən naqili təhlükəli temperatura çatmamış qırılır və təhlükənin qarşısı alınır.

- Qış mövsümündə elektrik təchizatında zaman-zaman problemlər yaşanır. Belə olan hallarda isə əhali, xüsusilə də regionlarda şamlardan istifadə edərək mənzillərin işıqlandırılmasına çalışırlar. Bu zaman yanğın riskinin qarşısının alınması üçün hansı tədbirlər görülməlidir?

- Doğrudur, təəssüf ki, bu zaman adi ehtiyat tədbirləri tamamilə unudulur. Qış mövsümündə elektrik verilişində bəzi hallarda fasilələr yarandıqda mənzillərin işıqlandırılması üçün təkcə şam yox, neft lampasından da istifadə edilir. Bəzən vətəndaşlar şamı yanmayan altlıqlar üzərində deyil, siqaret və ya kibrit qutuları üzərində, masa üzərində və ya pəncərəaltı taxta üzərində yapışdıraraq yandırırlar. Üstəlik də nəzarət etməyi unudurlar. Bu zaman təbii ki, risk var. Şam aşa bilər. Üstəlik əgər yanmağa davam edərsə, yanğın onun altındakı yanar konsturuksiyalara keçərək genişlənər və bədbəxt hadisə qaçınılmaz olar. Bəzən də şamları istilik nəticəsində parçalana bilən altlıqlar üzərində qoyurlar ki, nəticədə şam yanıb qurtararkən öz altlığını sındıraraq yanğının baş verməsinə səbəb olur. Odur ki, şam istifadə edərkən, onları metal şamdana taxmaq təhlükəsizlik baxımından vacibdir.

- Sadaladığınız normaların pozuntusu daha çox hansı hallarda müşahidə olunur?

- Vətəndaşlar əsasən yaşayış evlərində elektrik xətlərinin çəkilişi zamanı elektrotexniki norma və qaydaların tələblərini pozurlar. Belə ki, həmin işlərin mütəxəssis elektriklər tərəfindən deyil, özləri çəkir və ya digər insanlara həvalə edirlər. Bu işlərin sahəni bilməyən şəxslərə həvalə edilməsi isə düzgün deyil. Bu zaman elektrik xətlərinin yanar konstruksiyalar üzərində çəkilməsinə, qoruyucu və avtomatların düzgün olmayan yerlərə bərkidilməsi xətlərdə baş vermiş hər hansı qəza zamanı yanğınlarla nəticələnir.

- Qaz sızması nəticəsində baş verən yanğınların da sayı az deyil. Bu kimi hallarda dərhal hansı addımlar atılmalıdır?

- Bir çox yaşayış evlərində təbii və maye qazla işləyən müxtəlif cihazlardan istifadə olunur. Məişətdə işləyən qaz cihazları səbəbindən baş verən yanğınların əsas səbəbi boru kəmərləri ilə bağlıdır. Belə ki, boru kəmərinin birləşmə yerlərində kiplik pozulur, qaz cihazına qoşulma zamanı qeyri-standart rezin və digər materiallardan istifadə edilir. Onu da qeyd edim ki, mayeləşdirilmiş qaz təbii qazdan daha təhlükəlidir. Qaz balonları qızdırıcı cihazlardan ən azı bir metr kənarda yerləşdirilməlidir. Belə balonları qızdırmaq, zirzəmidə saxlamaq qəti qadağandır. Mənzillərdə qaz sızmalarına gəldikdə isə bunu hiss etdiyiniz an ümumi qaz kranını bağlamalısınız. Mənzilin havasını təmizləmək üçün qapı-pəncərələri açmaq lazımdır. Bu zaman mənzillərdə elektrik işlədicilərini dövrəyə qoşmaq və ya ayırmaq olmaz. Qış mövsümündə bir çox yaşayış evlərində bərk yanacaqla işləyən sobalardan da istifadə olunur. Sobalar qurularkən, istifadə edilərkən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmalıdır. İnsanlar yanğın təhlükəsizliyi standartlarının tələblərinə və texniki şərtlərə cavab verməyən sobalardan istifadə etməməlidir. Sobalar yanmayan və istilik keçirməyən altlıqlar üzərində qurulmalı, onun qalama qapısı önündə döşəməyə 70x50 sm ölçüdən kiçik olmayan metal təbəqə döşəməyə bərkidilməlidir. Qalanmış sobanı nəzarətsiz və ya az yaşlı uşaqların nəzarəti altında qoymaq təbii ki, olmaz. Təəssüf ki, bu da diqqətdən yayınan məqamlardandır. Sobanın ətrafında odun qurutmaq, sobaya həddən artıq odun atmaq, sobaları tezalışan mayelərlə qalamaq qəti qadağandır.

- Bəzən şəraitdən asılı olaraq, yaş geyimləri sobaların üzərində, ətrafında qoyaraq, qurudurlar.

- Bu, çox təhlükəlidir. Bəzən yaş paltarı qurutmaq üçün sobaların, qaz cihazlarının üstünə asırlar. Unutmayın ki, yanan sobaların, qaz cihazlarının üstündəki paltar hər an alışa bilər.

- Soyuducular istisna olmaqla, vətəndaşlar bəzi məişət avadanlıqlarını elektrik şəbəkəsinə qoşulu halda qoyaraq evdən çıxırlar. Bu nə qədər risklidir?

- Otaqdan və evdən çıxarkən elektrik cihazları şəbəkədən ayrılmalıdır. Yadda saxlamaq lazımdır ki, suqızdırıcı cihazlar nəzarətsiz qaldıqda yanğın təhlükəsi yaradır. Cərəyana qoşulmuş elektrik çayniki və ya samovar belə uzun müddət nəzarət etmədik yanğına səbəb ola bilər. Çünki, su qaynayıb buxarlandıqdan sonra çaynikin və ya samovarın dibində hərarət 300-500 dərəcəyə çatır. Bu da yanğının baş verməsi üçün kifayətdir.

- Mənzildə yanğın üçün ən münbit şərait mətbəx ola bilər?

- Mənzillərdə yanğın adətən mətbəxdə baş verdiyindən, belə demək olar. Bu səbəbdən də həddən artıq diqqətli olun! Yadda saxlayın ki, mətbəxdə və eyvanda tezalışan maddə və mayelərin saxlanması qəti qadağandır. Bəzən yuxarı mərtəbələrdən aşağıya atılan siqaret kötüyü küləklə sizin eyvana düşə bilir. Bu kimi ehtiyatsızlıqlar nəticəsində eyvanda saxlanılan maddə və mayeləri alışa bilər. Mətbəx və balkonları lüzumsuz əşyalarla doldurmayın. Bu, xüsusilə tezalışan maddə və mayelərə, eləcə də taxta mebel və şkaflara, ümumiyyətlə, alışa bilən hər bir materiala aiddir. Mətbəxdə baş vermiş bəzi yanğınlar isti qazan və tavaların içərisindəki yağın alışmasından da baş verə bilir. Yağ alışıbsa, dərhal qazı və ya elektrik enerjisini kəsin, qazanı (tavanı) qapaqla və ya yaş parça ilə örtün və yağın, eləcə də qazanın (tavanın) soyumasını gözləyin. Əks halda yağ yenidən yanmağa başlaya bilər. Qaynar yağ, piy alışaraq divar və ya döşəməyə düşübsə, onları söndürmək üçün yuyucu tozdan və ya tozlu odsöndürəndən istifadə edin. Spirallı elektrik plitəsi həddən artıq qızdıqda, onu cərəyandan ayırın və spiralı nəm parça ilə örtərək soyumasını gözləyin. Ümumiləşdirsək, yaşayış binalarındakı, mənzillərdəki yanğınlar bir qayda olaraq, siqaret çəkmə, açıq yanğın mənbələrinin istifadəsi və s. zamanı ehtiyatsızlıq, laqeyd yanaşma nəticəsində, nasazlıq, habelə elektrik məişət istilik cihazlarının, mənzildaxili elektrik təsərrüfatının işinin pozulması səbəbindən baş verir. Yanğın zamanı “112” qaynar xəttinə məlumat verilir.

- Bəs yanğınsöndürənlər hadisə yerinə gələnədək hansı tədbirlərin görülməsi tövsiyə olunur?

- Hər bir vətəndaş yanğının və ya yanmanın əlamətlərini (məsələn, alov, tüstü, yanıq qoxusu və s.) aşkar etdikdə dərhal telefonla “112” qaynar xəttinə məlumat verilməlidir. Məlumat verilən zaman vətəndaş yanğının baş vermə ünvanını, həmçinin öz ad-soyadını da deməlidir. Bəzən vətəndaş həyəcandan bu məqamları qeyd etməyi unudur. Yanğınsöndürən briqada əraziyə gələnə qədər vətəndaşlar yanğını öz imkanları ilə söndürməyə çalışmalı, qapı və pəncərələri bağlamalı, mümkündürsə elektrik və qaz cihazlarını söndürməlidir. Ağız və burnunu nəm parça ilə bağlamaq, yanğın gücləndikdə vacib əşyaları götürüb dərhal bayıra çıxmaq lazımdır. Qapı arasındakı boşluqları nəm əski ilə tutaraq, tüstünün mənzilə yayılmasının qarşısını almaq olar. Nəfəsalmanı təmin etmək məqsədilə əyilərək və ya sürünərək hərəkət etmək olar. Mənzildən çıxmaq mümkün deyilsə, eyvanda və ya pəncərənin yanında kömək gözləmək lazımdır. Bəzən insanlar panika ilə pəncərədən aşağı tullanmağa cəhd edirlər.

Təəssüf ki, bu yuxarı mərtəbələrdən qeydə alınan yanğın hadisələri zamanı müşahidə edilir. Belə hallarda qonşulara yanğınla bağlı məlumat verilməsi də tövsiyə olunur. Yanğın zamanı tüstünün şaxtaya yayılma mümkünlüyü olduğundan liftdən istifadə təhlükəlidir. Yanğının nəticələri kədərlidir. Yanğın sağlamlığınızın, həm də əmlakınızın itirilməsi deməkdir. Bu təhlükə o kəslər qarşı-qarşıya qalır ki, onlar yanğın təhlükəsizliyi qaydalarına laqeyd yanaşır. Bu səbəbdən yanğının əsas tələblərinə riayət etməklə bu bəlanın qarşısını almaq olar.

Mənbə: www.oxu.az