Növbəti iki gün ərzində - avqustun 14 və 15-də Günəşdə M sinfindən olan partlayışlar gözlənilir. Bu, güc baxımından Günəş partlayışlarının sondan əvvəlki sinfidir.
TASS-a istinadən xəbər verilir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"Günəşdə partlayış aktivliyi avqustun 14 və 15-də əsasən aşağı olacaq, M sinfindən olan partlayışlar gözlənilir", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Günəşdə baş verən partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Ən zəif A0.0 sinfi Yer orbitində hər kvadratmetrə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Növbəti sinfə keçdikdə şüalanmanın gücü 10 dəfə artır.
Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur. Bu emissiyaların yaratdığı buludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.
Mənbə: oxu.az