Norveçin Svalbard arxipelaqında sahildə yatan ağ ayını qəsdən gəminin duman siqnalı ilə oyadan şəxs 50 min Norveç kronu, yəni təxminən 5300 dollar məbləğində cərimələnib.
Hadisə Svalbard adalarında yelkənli qayıqda olan şəxsin sahildə yatan ağ ayını görməsi ilə başlayıb.
Kişi heyvanı oyatmaq üçün dəniz naviqasiyasında xəbərdarlıq məqsədilə istifadə olunan yüksək səsli duman siqnalını işə salıb.
Fit səsindən sonra ayı oyanaraq ərazini tərk edib.
Svalbard qubernatoru Lars Fausenin apardığı araşdırma nəticəsində şəxsin hərəkətinin qəsdən törədildiyi və qorunan heyvanın narahat edildiyi müəyyənləşdirilib. Kişi tətbiq olunan cəriməni ödəməyə razılaşıb.
Svalbardın ətraf mühitin mühafizəsi qaydalarına əsasən, 1973-cü ildən etibarən beynəlxalq səviyyədə qorunan ağ ayıları qəsdən narahat etmək, izləmək və onların fəaliyyətinə müdaxilə etmək qadağandır.
Qaydalara görə, insanlar iyul-fevral aylarında ağ ayılara 300 metrdən, mart-iyun aylarında isə 500 metrdən yaxınlaşmamalıdır.
Bildirilir ki, xüsusilə yay aylarında buzlaqların əriməsi ağ ayıların əsas qida mənbələrinə çıxışını çətinləşdirir. Bu səbəbdən heyvanlar enerjiyə qənaət etmək üçün uzun müddət hərəkətsiz qala və dincələ bilirlər.
Belə vəziyyətdə ayını lazımsız yerə oyatmaq və hərəkət etməyə məcbur etmək onun əlavə enerji sərf etməsinə səbəb olur. Bu isə xüsusilə balalarını əmizdirən dişi ayılar üçün ciddi təhlükə yarada bilər.
Svalbardda vəhşi heyvanları narahat edən turist və digər şəxslərə əvvəllər də oxşar cərimələr tətbiq edilib.
Mənbə: qafqazinfo.az