Həkimlər peyvəndə məcbur edilib? - "Yuxarıdan göstəriş gəlib..."

Həkimlər peyvəndə məcbur edilib? - "Yuxarıdan göstəriş gəlib..."

Koronavirus peyvəndinin hazırlanmasından sonra ölkələrin kütləvi şəkildə vaksinasiya prosesinə başlaması özü ilə bir sıra problemlər gətirib.

Belə ki, bəzi ölkələrdə peyvənd olunan şəxslər ölüb, bəzilərində iflicolma halları müşahidə edilib. Ötən gün ölkəmizdə də vaksinasiya prosesindən sonra yaşanan problem peyvəndlə bağlı yeni şübhələr yaradıb.

Sumqayıt şəhəri 2 nömrəli xəstəxanın tibb işçisi Misirova Səbinə Kamiyan qızının vurdurduğu koronavirus peyvəndi əks-təsir göstərib. Tibbi işçisi olan xanıma işlədiyi xəstəxanadan peyvənd olunmasa, işdən azad olunacağını bildiriblər.

Səbinə Misirova dəfələrlə təzyiq xəstəliyindən əziyyət çəkməsi ilə bağlı həkimlərə məlumat verib. Məcburiyyət qarşısında qalan tibb işçisi yanvarın 22-si peyvənd vurdurmaq qərarına gəlib.

Elə peyvənd vurulan günün axşamı səhhətində ağırlaşma baş verib. O, təzyiqinin yüksəlməsi diaqnozu ilə xəstəxana yerləşdirilib. Hazırda xəstənin vəziyyəti normaldır.

Maraqlıdır, koronavirus əleyhinə peyvənd təzyiqli xəstələrə vurulmalıdırmı? Peyvənd təzyiqin yaranmasında birbaşa iştirak edə bilərmi?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında ATU-nun Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev bildirib ki, peyvənd təzyiq yaratmır:

"Yüksək təzyiq olan vaxtı nəinki peyvənd, hər hansı başqa bir prosedurun həyata keçirilməsi də məsləhət görülmür. Düşünürəm ki, psixoloji baxımdan gərginlik yaşanıb. İndi bilirsiniz, sosial şəbəkələrdə peyvəndlə bağlı çox şey yazırlar. Yəqin ki, o insan bununla bağlı neqativ mülahizələri oxuyub və onda psixoloji narahatlıq yaranıb, qorxu yaranıb. Stres keçirdib və bu fonda təzyiq qalxa bilər. Amma peyvənd təzyiq qaldırmır".

Tibb sahəsi üzrə ekspert, həkim-terapevt Rasif Bağırov isə qeyd edib ki, təzyiqin yüksəlməsi vaksindən qorxma fonunda yaranan streslə əlaqəli ola bilər:

"Biri var ki, orqanizmdə hər hansı bir dərmana, vaksinə qarşı reaksiya olur, buna dərman reaksiyası deyirlər. Biri də var ki, anafilaktik şok olsun. Hər ikisi fərqlidir. Anafilaktik şok daha ağır bir prosesdir. Biri də var ki, təzyiq qalxır, şəkər qalxır və digər bu kimi hadisələr yaşanır. Artıq vaksinasiyanın bu prosesə təsiri yoxdur. Çünki xəstə vaksinin vurulmasını istəmir. Məcbur edilib vaksin vurdurulduqda sinir sistemi həddindən artıq gərginləşir və nəticədə təzyiq qalxır. Bu əsl təzyiq deyil. Bu cür xəstələr də sakitləşdirici verdikdən sonra normallaşır".

Həkim-pediatr Vaqif Qarayev isə vaksinin hər hansı əks-təsirlər yaratdığına inanmadığını deyib:

"Təzyiqi ola-ola vaksinasiyaya niyə gedir? Peyvənddən əvvəl insanlar həkim müayinəsindən keçir. İndi getsin, o məcbur edəni məhkəməyə versin. Bizdə həmişə kampaniyaçılıqdır. Yuxarıdan göstəriş gəlib, mütləq gərək, peyvənd olunsun. Elə olmur axı. Bütün peyvəndlərdən öncə şəxslər müayinədən keçirilməlidir. Yoxsa yuxarı rəqəm verilməlidir deyə, xəstə adamı aparıb peyvənd etdirmək... Cavab verə biləcək indi o təzyiqi qalxan insana? Yüksəktəzyiqli şəxsin peyvənd olunmasına məcbur edən şəxs kimdirsə, qınayıram. Amma vaksinin yaratdığı deyilən mənfiyönümlü reaksiyalara açığı inanmıram. Vaksinasiya tərəfdarı olan insanam. Yoluxucu xəstəliklərdən qorunmağın iki yolu var, ya qapanma, ya peyvənd. COVID-19-la bağlı bir ildir ki, hərə bir nağıl danışır. Bunun spesfik müalicəsi yoxdur".

Naibə

Mənbə: cebhe.info