ABŞ və Ekvador narkotik kartellərinə qarşı birgə əməliyyat keçirib.
Bu barədə ABŞ Cənub Komandanlığı (SOUTHCOM) məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı “Los Choneros” kartelinin istifadə etdiyi yanacaq qayığı Şərqi Sakit okeanın beynəlxalq sularında batırılıb.
Qeyd edilib ki, əməliyyat ABŞ və Ekvadorun əməkdaşlığı çərçivəsində həyata keçirilib. ABŞ hərbçiləri “USS San Antonio” gəmisindən qayığa çıxaraq göyərtədəki şəxsləri təxliyə edib və onları Ekvador hakimiyyətinə təhvil veriblər.
Məlumata görə, qayıq tamamilə boşaldıldıqdan sonra ABŞ qüvvələri tərəfindən batırılıb. Bildirilib ki, məqsəd narkotik kartelinin logistika zəncirinə zərbə vurmaq olub.
ABŞ Maliyyə Nazirliyinin daha əvvəl həmin qayığı sanksiya siyahısına daxil etdiyi qeyd olunub. SOUTHCOM əməliyyatın bölgədə narkotik qaçaqmalçılığı ilə məşğul olan qrupların logistika imkanlarının zəiflədilməsi baxımından əhəmiyyət daşıdığını bildirib.
Mənbə: qafqazinfo.az