Ukraynanın vurduğu Rusiya gəmisi Türkiyə sahillərində tapıldı

Ukraynanın vurduğu Rusiya gəmisi Türkiyə sahillərində tapıldı

Novorossiysk limanı yaxınlığında baş verən hücum nəticəsində zədələnən Rusiyanın OMSKIY-107 quru yük gəmisi dalğalar tərəfindən Türkiyənin şimal sahillərinə aparılıb və orada quruya oturub.

Bu barədə Türkiyənin DHA xəbər agentliyi məlumat yayıb. Gəmi İstanbul əyalətinin Şile bölgəsindəki Alaçalı çimərliyində saya oturub. Gəminin sahilə doğru hərəkət etdiyini görən şahidlərin sözlərinə görə, əraziyə sahil mühafizə dəstələri göndərilib. Hadisə yerinə gələn heyətlər gəminin ilişib qaldığı ərazidə təhlükəsizlik tədbirləri görüb və araşdırmaya başlayıblar.

Kapitanın kabinəsinin yandığı və ciddi ziyan gördüyü müəyyən edilib. Hücumdan sonra gəmidəki heyət üzvlərinin xilasetmə qayıqlarında gəmini tərk etdiyi məlum olub.

Taqanroq limanında qeydiyyatdan keçmiş Rusiya bayrağı altında üzən OMSKIY-107 gəmisi bu yaxınlarda Rusiyanın cənubundakı və Türkiyədəki limanlar arasında yük daşıyırdı. Hücumun dəqiq tarixi hələlik məlum deyil, lakin Rusiya mediası Qara dənizdə toplu daşıyıcıya dron hücumu edildiyini bildirib.

Müəllif: Tural

Mənbə: publika.az