Paytaxtda üç azyaşlının skuterlə yol hərəkəti qaydalarını kobud şəkildə pozması müşahidə olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi valideynlərə müraciətində məlumat yayıb.
Bildirilib ki, 11, 12 və 13 yaşlarında olan üç azyaşlı sutkanın qaranlıq vaxtında paytaxtın intensiv hərəkətin müşahidə olunduğu yollarından birində eyni skuterdə hərəkət edib. Onlar əks istiqamətdə gedib və svetoforun qırmızı işığında keçiblər.
Təhlükəli manevrlər zamanı skuterdə olan azyaşlı sərnişin hətta yolun hərəkət hissəsinə yıxılıb. Xoşbəxtlikdən, bu dəfə hadisə qəza ilə nəticələnməyib.
Mərkəzdən bildirilib ki, görüntülər uşaqların yol hərəkəti qaydalarını bilməsi ilə yanaşı, onların bu qaydalara əməl etməsinə valideyn nəzarətinin də vacib olduğunu göstərir.
Qeyd olunub ki, kiçik elektrikli nəqliyyat vasitəsini idarə etmək hüququ 14 yaşdan başlayır.
Valideynlərə övladlarına skuterdən istifadə zamanı yol hərəkəti qaydalarına əməl etməyin vacibliyini izah etmək, svetofor siqnalları, əks istiqamətdə hərəkətin və təhlükəli manevrlərin yolverilməzliyi barədə məlumat vermək çağırışı edilib.
DİN-dən həmçinin bildirilib ki, belə hallar aşkarlandıqda azyaşlıların valideynləri barəsində məsuliyyət tədbirləri görülür.
Aytac Əliyeva
Mənbə: yenisabah.az