Səudiyyə Ərəbistanının "East-West Pipeline" neft kəməri vuruldu? - FOTO - VİDEO

Səudiyyə Ərəbistanının "East-West Pipeline" neft kəməri vuruldu? - FOTO - VİDEO

Peyk görüntüləri Səudiyyə Ərəbistanının Mədinə şəhərindən cənub-şərqdə yerləşən "East-West Pipeline" neft kəməri boyunca təxminən 100 kilometr uzanan güclü tüstü dumanını və davamlı istilik anomaliyalarını göstərir.

Bu barədə "Clash Report" məlumat yayıb.

NASA-nın yanğınlarla bağlı məlumatlarına əsasən, neft kəməri dəhlizi boyunca bir neçə yerdə gücü 70 MVt-dan çox olan və bir neçə saat davam edən istilik siqnalları qeydə alınıb. Bu göstəricilər adi məşəl yanmasının həcmindən xeyli çoxdur. "Clash Report"un yaydığı informasiyaya görə, bəzi analitiklər boru kəmərinin altı-səkkiz hissəsinin zədələnə biləcəyini, həmçinin onun deşilməsi və ya qırılması ehtimalını da istisna etmirlər.

Hazırda bu məlumatla bağlı "Saudi Aramco" şirkəti və ya hər hansı beynəlxalq xəbər agentliyi tərəfindən rəsmi təsdiq verilməyib.

Bununla belə, söhbət strateji əhəmiyyətə malik neft kəmərindən gedir. "East-West Pipeline" Səudiyyə Ərəbistanının Hörmüz boğazından yan keçən əsas marşrutudur. Onun ötürücülük qabiliyyəti sutkada təxminən 7 milyon barel neft təşkil edir və bunun da təqribən 5 milyon bareli Qırmızı dəniz sahilindəki Yanbu limanına daşınır.

Qeyd olunub ki, zərbə endirilməsi ilə bağlı məlumat təsdiqini taparsa, bu obyektə edilən hücum Səudiyyə Ərəbistanının ehtiyat ixrac marşrutu üçün ciddi təhlükə yaradacaq. Ölkə Hörmüz boğazı vasitəsilə gəmiçilik məhdudlaşdırıldıqdan sonra məhz bu xəttə arxalanırdı.

Xatırladaq ki, neft kəməri aprel ayında da hücuma məruz qalmışdı. O zaman mövcud məlumatlara görə, İran pilotsuz uçuş aparatının zərbəsi dörd gün ərzində sutkada təxminən 700 min barel neftin daşınmasının dayanmasına səbəb olmuşdu.

Mənbə: oxu.az